Amerika Sahibkarlıq İnstitutunun Iran və Türkiyə üzrə ixtisaslaşmış baş elmi işçisi Maykl Rubin yazır ki, Xocalı qırğını uydurmadır.
Erməni jurnalisti Qriqor Atanesyan cavab verir ki, elə deyil: “Xocalı qırğını Qarabağ müharibələrində tək məkanda mülki əhalinin ən böyük itkisidir. Bunu Memorial və HRW iki sanballı hesabatla təsbit ediblər. Bunu inkar etmək yanlışdır, Azərbaycan hakimiyyətinin tənqidinə dəxli yoxdur və Ermənistana heç bir köməyi dəymir.”
Maykl Rubinin Yeyl universitetindən tarix üzrə magistr və doktorluq dərəcəs var, ABŞ hərbi donanmasında regional münaqişələr və terrorizm haqqında dərs deyib.
Həmişə deyirəm, regionumuz üzrə normal Qərb mütəxəssisləri tapmaq çox çətindir. İrəvan ermənilərinə münaqişədə baş verənləri izah etmək olar, izahların çoxunu qəbul da edə bilərlər, amma Avropada, Amerikada, xüsusən Kaliforniya Universitetində (Los-Anceles) sizin dedkləriniz divara dəyəcək. Qərbin də öz siyavuşları var, cibdə diplomun cüt-cüt olması hələ adamın mütəxəssis olması deyil.
Azadlıq radiosunun rus redaksiyasında Tengiz Qudava veriliş aparırdı. Bir verilişdə dedi ki, Qarabağ erməniləri döyüş sənətinin allahıdır: Qarabağın Çardaqlı kəndindən iki marşal çıxıb. Amerikan menecerlərə deyəndə ki, birincisi, etnik münaqişəni müqəddəsləşdirmək jurnalistin işi deyil, ikincisi, verilişdə faktual error var – Çardaqlı Qarabağda deyil – burunlarını dik tutub üzlərini çevirirdilər.
Münaqişə barədə azərbaycanlılar ermənilərlə, ermənilər azərbaycanlılarla danışmalıdır. Başqaları ya danabaş çıxacaq, ya fürsətçi çıxacaq, ya stereotipləri öz sözünü deyəcək. Orta səviyyəli azərbacanlılar və ermənilər arasında da bir-biri haqda stereotiplər çoxdur. Ancaq onların stereotipləri həqiqətə daha yaxındır, nəinki Maykl Rubin kimilərinin. Erməni lobbisinin amerikalı trolları da Azərbaycan hökumətinin trolları kimi əqidəsiz və səviyyəsizdirlər. Qırğını törədənlərdən biri – Serj Sarkisyan bunu boynuna alır, amma okeanın o tayından Rubin bu qətlin mif olduğunu kəşf edir.