Rəsulzadəyə heykəli kim qoyacaq? Azərbaycanlılar, anadolulular, ermənilər, gürcülər və başqa Qafqaz xalqları. Nə vaxt qoyacaqlar? Ağılları başlarına gələndə. Onun 100-120 il qabaq yazdıqlarını bir də oxuyub başlarına döyəndə. Nə yazırdı – hamısını kopyalayıb bura qoymaq mümkün deyil. Bir-iki yazısından sitat, bir məqaləsini bütöv verim, özünüz baxın.
“Qafqasiyalılar qafqasiyalı qalıb da kəndilərinə mədəni, məmur və tərəqqi bir istiqbal arzu edirlərsə, mütləqa bir-birilə anlaşıb bilişməli; barışıb görüşməlidirlər. Hər kəs öz hüquq və mənafeini gözləsin. Fəqət, əql və məntiqdən uzaqlaşmamaq şərtilə!” (“Açıq söz” 23 dekabr 1915, nömrə 68.)
Tam nöqtəsinə vurub: xalqların qarışıq yaşadığı Qafqazda, ümumiyyətlə, Osmanlıda, İranda hansısa xalqın hüququnu müdafiə eləmək adı altında o xalqın müstəsna, qədim mədəniyyəti; ayrıca xüsusi dağı, dərəsi, dənizi olmasını sübut eləməyə girişən şovinistlər də qələt eləyirdilər, beynəlmiləlçilik adı altında qarışıq əraziləri şovinistlərə güzəşt edənlər də.
Sitat gətirəcəyim ikinci məqaləni kəsməyə əlim gəlmədi, bütöv kopyalayıb qoyacam. “Əsrimizin Siyavuşu” məşhur olduğuna görə çox adam bilir işin mahiyyətini. “Əsli və Kərəm” kiçik həcmli məqalə olsa da, eyni ruhdadır. Pantürkistlərdən və paniranistlərdən fərqli olaraq Rəsulzadə şərikli tale, şərikli tarix məsələlərini önə çəkirdi. Filan xalqın korennoy torpağı, filankəsin qədim mədəniyyəti kimi əsassız, zərərli fikirləri alt-üst edirdi.
Qafqazda indiyəcən belə siyasətçi yetişməyib. Nəinki Qafqazda, Anadoluda da, indiki İranda da. Osmanlı, Rusiya və Qacarlar dövləti çalxalanan ərəfədə bu imperiyaların xalqlarını istibdadla birgə mübarizəyə çağıran, bu yolda çalışan ikinci bir siyasətçi tanıyırsınızmı? Elə bir siyasətçi ki, Qafqazdakı ən mütərəqqi medianın önündə getsin, İranın ən sanballı qəzetini nəşr eləsin, Şurayi-Osmaniyyənin təsisçilərindən biri olsun, erməni xalqını fəlakətə aparan rəhbərləri bu şurada birləşməyə, başqa xalqlara qarşı yox, Sultan irticasına qarşı savaşmağa çağırsın?
Avropada heç yox idi belə siyasətçi. Rəsulzadə demişkən: “Ermənilər avropalıların Türkiyə ümuri-daxiləsinə qarışmadıqları zəmana qədər Türkiyədə rahatcasına yaşamış, daima İstanbul hökumətinin məzhəriiltifati olmuşlardır.”
Nə isə çox uzatmayım, sözü verək Rəsulzadəyə.
“Əsli və Kərəm”
Opera mövsümü “Əsli və Kərəm” ilə açıldı. Məlum olduğu üzrə “Əsli və Kərəm” hekayeyi-aşiqanəsi Azərbaycanda, Qafqasiyada və Anadolu türkləri arasmda məşhur olan
milli hekayələrdən, müəllif və şairi bəlli olmuyub xəlqin yaratdığı və saz aşiqi denilən xəlq sənətkarlarının böyük bir xülus və səmimiyyətlə gəzib oxuduqları məşhur əfsanələrdən biridir.
Hekayənin məzmunu bir türk oğlan ilə bir erməni qızının yekdigərlərinə qarşı şairanə və səmimanə bəslədikləri “həqiqi bir eşq” ilə mövcud şəraitdən dolayı hər iki aşiq üçün bunun bir fəlakət təşkil etdigini təsvir edir.
Həqiqətən də tarix və məişətcə biri-birinə mərbut olan və biri digərilə qapıbir qonşu yaşayan iki millət öz halı-təbiiyyəsinə buraxıldıqda xəlq hekayəsinin göstərdigi kibi bir “müsəlman” oğlu ilə bır “erməni” qızı – yəni xarici təsirlərdən mübərra qalan sadə xəlq sevişə bilərlər. Hətta yek – digərini sevə bilmək üçün dəli bir aşiq də kəsilərlər. Fəqət bunların bu qovuşmasına, bu birləşməsinə mane olan səbəblər vardır. Xarici bir taqım təsirlər. Bu təsirləri xəlq hekayəsi “keşiş” surətində göstərmiş. Fəqət nə qədər təsadüf və nə qədər təbii bir təsadüf ki, xəlqin dühası ilə Avropa təsir və nüfuzi altında yazı yazan mühərrirlərimizin dühası bu məsələdə birləşiyorlar.
Məlum olduğu üzrə doktor Nəriman bəy Nərimanovun “Bahadır və Sona” adlı bir hekayəsi vardır. Burada da bir müsəlman oğlan ilə bir erməni qızın sərgüzəşti-aşiqanələri təsvir olunuyor. Kərəm ilə Əslinin eşqlərini onlar üçün bir fəlakət edən “keşişin” bəddüası və qarqışıdır.
Bahadır ilə Sona da məqsədə irişməyib fəlakət və həlakətə düçar oluyorlar. Bunların fəlakətini icab edən şey “uçurum dərələr”dir. Əfsanədəki “keşiş” ilə hekayədəki “uçurum dərə” xəlqin səmimiyyəti və sadə hikməti üzərinə sui-təsir icra edən haman “xarici təsirlərdir”.
Kim bilmiyor ki, bu zamanda, iştə bu “xarici təsirlər” sayəsində “Əsli və Kərəm” əfsanəsinin vaqe bulduğu yerlərdə nə kibi fəlakətlər və nə kibi faciələr icra olunuyor.
Ah, mümkün olsaydı da, millətlərin kütlə və əvamım idarə edənlərdə xəlqin özü qədər salim bir məntiq olsaydı… O vəqt “xarici təsirlər” bu qədər mölik və qorxunc olamazdı!..
* * *
“Əsli və Kərəm” əfsanəsinin icra olunan yerləri əfsanənin xasiyyəti və vaqeənin xüsusiyyəti nöqteyi-nəzərindən İran ilə Osmanlı hüdudunda, Şərqi Anatoluda və yaxud Ermənistan denilən tərəflərdə vaqe olsa gərək.
Əlimiz altında “Əsli və Kərəm”in xəlq arasında mütədavü olan nüsxəsi yoxdur. Bəlkə də orada İsfahandan bəhs olunuyor. Çoxdan oxuduğumdan xatirəmdə degildir. Fəqət Urmiyəyə səyahət etdigim əsnada asari – ətiqəsi ilə məşhur olan Kuntiyə denilən bir xristian kəndinə getmişdim. Orada kəndin keşişinə qonaq olduq. Qədim bir kənd kəlisasi: Kəlisanın ətrafı haman köylərə qədər uzanan qələlərlə məhsur: yanı güllük, giyahlıq. Kəlisa hasarından bir neçə qədəm aralıq bir çeşmə, çeşmənin üzərində summəvari bir bina, kəndin qızları gəlib də bu çeşmədən su aparıyorlar. Xülasə, olduqca şairanə bir mənzərə. Aşiqanə macəralar başlanmasına yarar gözəl bir mövqe. Bunun üzərində düşündügümüz əsnada bizə deməsinlərmi ki, bu çeşmə, bu kəlisa əfsanələrin yadbud etdigi birər yadigarlardır… Məgərsə Əslinin atası keşiş bu kəlisada olarmış, məgərsə Kərəm də Əslini ilk dəfə bu çeşmə başında görmüş aşıqlamışdır!…
Biz bəlkə də Amerika kəşfi qədər sevinmiş idik. Haman qonağımız keşişdən rica etdik, köy qızlarından birini çeşmədən su götürmək vəziyyətində bulundurdu. Əksini aldıq. Böylə şairanə bir mənzərə daxilində su aparmaqda olan bir köylü qız sevilə bilər. Fəqət bundan ötrü “vətən”dən ayrılıb dərbədər düşmək lazım gəlirmi? Bunu bittəbii bəndən, səndən degil, Kərəm ilə dəli eşqdən xəbər almalı.
Böylə bir sualı Məcnunə vermişlər, cavabnda:
“Tu mubin və məcnun bi çeşmu
Tu əbru u işarəthayi əbru” demişdi.
* * *
Mövcud olan bilcümlə operalara tərcih edərəm. Hətta “Leyli və Məcnun”a da, səbəbi də bu operanın mövzusu ilə musiqisinə daxıl olan türk ruhi və “türk havası”dır. “Opera mövsümi” olduqca parlaq bir surətdə başlandı. Sarabski, Ağdamski və Tanrıkuluyev cənabları bu gecə birər mühüm qüvvə olduqlarını təkrar isbat etdilər. Sarabski binəzir bir aşiqdir. Ağdamski arvadsız səhnəmiz üçün böyük bir nemətdir. Tanrıkuluyev isə sözün tam mənası ilə tam bir opera aktyorudur. Digərləri də vəzifələrini hüsni-ifa etməklə seçildilər. Hələ Məhəmmədov cənabları nə qədər iqtidarlı bir “piri-sənət” olduğunu bu dəfə də göstərdi.
Xor ilə musiqi dəxi ahəngdar və müntəzəm idi. Yalnız Sofi rolundaki zat bir az təsirə nöqsan gətiriyordu. Tamaşaçılar məmnun idilər. Məmnuniyyətlərini bizzat bəstəkar həzrətlərinə bildirmək üçün alqışlayaraq onu səhnəyə çıxartdılar…
M.Ə.Rəsulzadə
“İqbal” , 6 yanvar 1915, nömrə 832