Qarabağ münaqişəsinin başlanmasını o dövrün mətbuatından öyrənən araşdırmaçılar üçün bir ipucu.
Münaqişənin ilk vaxtlarında Şuşa və Xankəndiyə qarşılıqlı atılan, əsasən, Alazan raketləri idi. Təynatı dolu buludlarını qovmaq idi. Sonradan kustar yolla hərbə uyğunlaşdırmağa çalışıblar. Şuşalılar buna zarafatla “Mozalan” deyirdilər. Çünki dağıdıcı qüvvəsi yox idi, sadəcə yanğın törədirdi. Bir vedrə su ilə söndürmək olurdu. Şuşa tərəf Alazana “mozalan” deyib onu lağ obyektinə çevirdiyi vaxt erməni tərəf dünya mediasında Alazandan Armageddon düzəldirdi. İndi tədqiqatçılar şuşalıların o zarafatlarını yox, Xankəndi Armageddonu haqda “sənədləri” oxuyurlar.
İlk avtomat silahları və muzdlu döyüşçüləri münaqişə bölgəsinə 1988-ci ildə erməni disaporu göndərdi. SSRİ dağılan ərəfədə erməni tərəf, dağılandan sonra Azərbaycan tank və toplar əldə etdi. 1992-ci ildə Azərbaycanda ilk muzdlular peyda oldu. Əfqanıstandan gəlmişdilər.
Münaqişənin ilk 3 ilində Azərbaycanda xəbər mediası olmayıb. 1970-80-ci illərin pambıq-üzüm yığımını-qırğınını uğur kimi qələmə vermək üçün formalaşmış əcaib bir propqanada aparatı olub. Hadisələri işıqlandırmayan, reaksiya verməyən qoyun media.
Bu gün gördüyünüz medianın genealogiyası ora gedib çıxır. 1990-92-ci illərdə yeni yaranmağa başlayan normal media sonralar azdırıldı, tam məhv edilə bilməsə də, marginallaşdırldı.
Bir sözlə, Qarabağ münaqişəsinin ilk mərhələsini o dövrün mətbuatından öyrənmək mümkün deyil. Xarici mətbuatdan niyə öyrənmək mümkün deyil – onu da lap əvvəldən yazdım.