Bu fotonu bu cür kəsmək jurnalist işi deyil. Sənədlərlə manipulyasiya eləmək, fotonun bir hissəsini məqsədli kəsmək, audioya effekt vermək redaktədə yolverilməz metodlardır. Jurnalistika kino deyil, redaktor rejissor deyil.
Konkret “Financial Times”ın bu materiala məsul redaktorunun qərəzliliyi görünür. Bu, NATO liderlərinin kollektiv fotosundan bir hissəni kəsib Ərdoğanı qabardan Türkiyə yandaş mediasının əməlinin eynidir. (Dünən bu barədə foto-faktlar paylaşmışdım.)
Qərb mediasında çalışmaq peşəkarlığa qarantiya deyil. Çağdaş jurnalistikanın prinsipləri Qərbdə, xüsusən Böyük Britaniya və Birləşmiş Ştatlarda formalaşıb, universallaşıb. Bu prinsipləri Qərbdə də pozan tapıla bilər, Şərqdə də. Bu prinsiplərə Qərbdə də əməl eləyə bilərsən, Şərqdə də. Konkret bu materialın redaktoru Azərbaycanın, Türkiyənin, Rusiyanın yandaş mediasındakı qaloşların o biri tayıdır.
İstəyirsiniz adını informasiya müharibəsi qoyun (bu barədə keçmişdə yazmışam, bu, hərbi termindir, jurnalistikaya dəxli yoxdur), istəyirsiniz dövlətçiliyə xidmət qoyun (bu barədə də yazmışam, jurnalistikanı məhv eləmək üçün düşünülmüş ifadədir) – fərqi yoxdur, bu, qeyri-peşəkarlıqdır.