Mətbuatda Nəcəf Nəcəfov irsini qoruya bilmədik. Bu irs media menecerliyinin şəffaflığı idi. Bu irs yaradıcı kollektivin səs hüququ idi. Bu irs siyasi hadisələri işıqlandırmaqdan qorxmamaq idi. Bu irs hansısa siyasətçiyə işləməmək idi. (Onun qəzetində hansısa siyasətçinin hansısa düzgün addımı nə vaxtsa təqdir oluna bilərdi, ancaq heç bir siyasətçinin kölgəsinə sığınmazdı bu qəzet.) Sabah onun xatirə günüdür. Nəcəf bəyin birbaşa yaratdığı Azadlıq qəzetində və onun məktəbinin məhsulu olan Turan İnformasiya Agentliyində azca əməyi olan birisi kimi bu qeydləri yazmağı özümə borc bildim.
Azadlıq qəzetini Nəcəf bəy yaratdı. Nə AXC-dən bir qəpik aldı, nə başqa yardım. Qəzetçilik kollektiv işdir. Elə kollektivi də Nəcəf bəy yaratdı. Nəcəf bəy prinsipial qərarları kollektivlə məsləhətləşib verirdi. Qarşıya çıxan taleyüklü məsələlərin az qala hamısı ya yaradıcı heyətin ümumi toplantısında, ya da redaksiya şurasında müzakirə olunandan sonra qərar çıxarılırdı. Azadlıq qəzeti kollegial idarəçiliyi olan ilk və son media orqanımız idi.
Bu proyekt Nəcəf bəyin intellektual mülkiyyətidir. Bu iş üsulu, bu redaksiya Nəcəf bəyin irsidir. Sonradan ordan-burdan eşidəcəm ki, qəzetin yaradıcıları çox imiş, hətta yaradıcılar arasında həmin vaxtın tələbələri də varmış. Sonradan qəzetə, bu irsə yiyələnənlər olacaq. Ona görə keçmişə qayıdıb təzədən söhbətə gələcəm ki, Nəcəf bəyin qəzeti təkbaşına yaratdığını görəsiniz.
Nəcəf bəylə ilk tanışlığım belə oldu. 1987-ci ildə “Молодёжь Азербайджана” qəzetinə bir yazı apardım. Yazı tələbə yataqxanasına gələn poçtun itib-batması haqda idi. Yəni xırda bir problem, adi bir məsələ. Qəzetin əməkdaşı Nazim Rəhimov yazını aldı, elə ordaca oxudu və müsbət rəy verdi, Gündüz Şabanov adlı əməkdaşa yazı haqda xoş sözlər dedi. Şöbə müdiri Arif Əliyevə göstərdi, məni onunla tanış elədi. Bu mənim üçün gözlənilməz oldu. Orta təhsilim azərbaycancadır, universitetdə Azərbaycan bölməsində oxuyuram, öz dilimdə yazdığım yazılarla bütün qəzetlərin redaksiyalarını dolaşmışam. Yazıma yüz mız qoyurlar, get-gələ salırlar, biri nöqtəmə ilişir, biri vergülümə, biri ağsaqqal məsləhəti verir… Bir sözlə, hara gedirəm süründürürlər… İndi rusca xırda mövzuda alababat bir şey yazmışam, ölkənin ən prestijli qəzetinə aparmışam, məni belə təmtəraqla qarşılayırlar. Orta və yaşlı nəsil blir. O vaxtlar Azərbaycan mətbuatında bir tapş, bir rüşvət, bir süründürməçilik ab-havası vardı ki, sözlə təsvir edilməsi mümkün deyil. Bir neçə yazım da gedəndən sonra Nəcəf bəy kontrakt təklif elədi. O vaxtkı heç bir redaksiyada bu mümkün deyildi. Adamı olmayan, tapşırılmayan ikinci kurs tələbəsinə kontrakt təklif eləmək.
İki il keçib. Hələ də tələbəyik. Bu dövrdə Kommunist partiyası MK Nəcəf bəyi bir ildir “Молодёжь Азербайджана” qəzetinin redaktorluğundan uzaqlaşdırıb. Eşidirik ki, Nəcəf bəy “Azadlıq” adlı qəzet çıxarır. Tələbə yoldaşlarıma deyirəm, gedək köməyə, korrekturasını eləyək, nə blim kağız daşıyaq… Birinci cəhdim uğursuz alınır. Tək gedirəm. Nəcəf bəy keçmiş silahdaşlarından Arif bəylə qəzetin planını cızır. Yəni ortada real iş və işçi vardısa o ikisi idi. Vaqif Səmədoğlu “Mirzə Mən” ləqəbi ilə felyeton yazır. Söhbətlər eləyir. Özünü qara işə verməməsi, qəzetçiliyin qara işlərindən xəbərdar olmaması arxayınçılığından görünür. Makinaçının (deyəsən Bahar Türkel idi) masasının üstündə çoxlu əlyazma var.
…Qəzetin çıxmasına bir gün qalıb. Yenə tələbələri dilə tuturam, Əlisafa Mehdiyev razılaşır. Qəzet yataqxananın yanındakı Kommunist nəşriyyatında yox, Əhmədlidə itölən bir yerdə hansısa kitab mətbəəsində çıxacaq. (Redaksiya isə Montindədir.) Tələbə yoldaşlarımız arasında yalnız Gündüz Tahirlinin avtomobili vardı. Çətinliklə onu dilə tutub “Jiquli”sinə minib gedirik ora. Yenə də Nəcəf bəy, Arif bəy bütün işləri görürlər. Ədalət Tahirzadə daha çox sözlər və korrektura ilə məşğul olur (sonradan gördüm ki, bu onun yaralı yeridir). Hə bir də Rauf Mirqədirov orda idi. Ola bilsin, o da iştirak edirdi, ancaq sonrakı proseslərdə Azadlıq qəzeti çevrəsində görmədim. Yazı tam çapa getmək ərəfəsində hansısa materialı çapdan çıxarmalı oldular, bir boş yer qaldı. Bu yeri doldurmaq lazım idi. Çox gözlənilməz situasiya idi, və tələm-tələsik Gündüz Tahirlinin əlindəki bir əlyazma çapa getdi. Bundan sonra yenə bir neçə il Gündüz Tahirlini o çevrədə görmədim. Komsomolun mərkəzi komitəsində bir İntibah deyirdilər, nə deyirdilər ora ilə əməkdaşlıq edirdi. M.Ə.Sabirin nəvəsi olduğu üçün biz çalışırdıq ki, o yöndə karyeraya uymasın, mütərəqqi qüvəvlərin yanında olsun.
Mən bu detalları ona görə yazıram ki, qəzeti Nəcəf Nəcəfovun yaratmasına və onun tək silahdaşının Arif Əiyev olmasına şübhə qalmasın. (Ədalət Tahirzadə məsul katib idi, ancaq Nəcəf bəyin yox, Elçibəyin seçimi idi. Ədalət bəy tarixi araşdırma, kitab nəşri sahəsinin peşəkarı idi, qəzetçiliyin yox. Onun orda bir müddət işləməsi AXC sədri Əbülfəz Elçibəyin redaksiya işinə mən bildiyim yeganə müdaxiləsi idi.)
Bir sözlə, Azadlıq qəzeti Nəcəf Nəcəfovun irsi idi, ona bəlkə 5-10 faiz Arif Əliyev iddia eləyə bilərdi. Başqa heç kəs.
Dolayı söz deməklə aram yoxdur. Bunu ona görə yazıram ki, Nəcəf bəyin mirasına yiyələnib sonra bu mirası Əli Kərimlinin şəxsi xidmətinə peşkəş eləyənlər tutduqları əməlin fərqinə varsınlar.
Nəcəf bəy Azərbycanın BMT-dəki nümayəndəsi vəzifəsindən imtina eləyəndən sonra, AXC hökumətinin verdiyi başqa vəzifələrdə müvəqqəti işləyib çıxandan sonra onu yenidən qəzetin rəhbərliyinə dəvət eləmək Qənimət Zahidin və Gündüz Tahirlinin mənəvi borcu idi. Heç biri bu borcu ödəmədi.
Onun mirasına elə-belə yiyələnmək, bu mirasla istədiyi kimi rəftar eləmək olmazdı. O qəzeti yaradan vardı, o qəzetdə əməyi keçən yüzə yaxın adam vardı. (Arif Əliyev, Şahin Hacıyev, Hikmət Hacızadə, Sabit Bağırov, Elçin Səlcuq, Elmira Əmrahqızı, Elxan Nəsibli, Vəli Yaşıllı, Tapdıq Fərhadoğlu, Hikmət Sabiroğu, Bahəddin Həzi, İlham Şaban, Nailə Bağırova, Elçin Məmmədli…) Bu mirası sadəcə aparıb kiməsə peşkəş eləyə bilməzsən. Sadəcə peşkəş eləmək yox. Bu ocaq İbrahim Məmmədov, Kənan Kazımoğlu, Azər Həsrət, Natiq Ədliov kim kadrlar yetişdirən bir yerə çevrilməməliydi.
İndi sizə hörmət elədiyim 3 şəxsin bir mirasından danışacam. Turan İnformasiya Agentliyinin necə yaranmasından. Turan dünyaya gəlməsinə görə üç nəfərə borcludur. Aydın Məmmədov, Nəcəf Nəcəfov, Arif Əliyev.
Azadlıq qəzetinin ilk dörd nömrəsinin texniki işlərində və bəzi materiaların (karikaturanın) təşkilində iştirak elədim. 20 yanvar qırğını oldu, redaksiyanı sovet ordusu dağıtdı, komendantlıq qəzeti bağladı və bir ildən çox belə davam elədi. (Vladimir Dubinyak, sonra Valeri Ziyaeviç Bünyadov Bakının komendantı oldu.)
O vaxtlar vəzifədə olanlardan yalnız Aydın Məmmədovun söz azadlığı üçün aktiv çalışdığını bilirəm. Tərcümə Mərkəzinin direktoru, deputat Aydın Məmmədov Nəcəf Nəcəfovun silahdaşlarına şərait yaratdı. Arif Əliyev “Хазар” Jurnalının baş redaktoru təyin olundu. Mərkəzdə azad medianın təməlini qoymaq üçün yer verdi. Arif bəy Turan Məlumat-Nəşriyyat Müəssisəsini təsis elədi. Təsis yığıncağında Arif Əliyev, Şahin Hacıyev, Rafiq İsmayılov, Tofiq Türkel, Zaur Abdullayev və mən idim. Ola bilsin, Mehman Əliyev və Fuad Ağayev də orda olub – dəqiq xatırlamıram. Daim çalışan Arif bəylə Rafiq bəy idi. Mən müəssisənin qəzet açacağını və orda çalışacağımı gözləyirdim. Planda qəzet vardı. Adı “36,6” olmalı idi. Yəni normal insan temperaturu. Arif bəy məsləhət gördü ki, agentlik yaradaq. Agentliyə gedən yolda əvvəlcə daycest buraxmaq və yavaş-yavaş onu informasiya bülleteninə çevirmək qərara alındı. Bir plan da kitab çap edib agentlik və qəzet üçün sərmayə əldə eləmək idi. Rafiq İsmayılov redaktorluq elədi, Bəhəddin Həzi, Tofiq Türkel, Qənimət Zahid və mən hərəmiz bir-iki tarixi oçerk yazdıq, Məzahir Əfşar illüstrasiya çəkdi, kitab 80 və ya 100 min tirajla çıxdı. Yayımçılar qonorarı 2-3 il sonra göndərdilər, yəni kitab yazıb tez varlanıb media şirkəti açmaq bir az xülya imiş, real iş düşünüldüyündən yavaş gedirmiş.
Gələk agentliyə. İlk bülletenlər partizan işi idi. Tərcümə mərkəzinə Moskva və Baltikyanı ölkələrdən gələn qəzetlərdən maraqlı xəbərlər götürüb tərcümə edirdik. Öz topladığımız xəbərləri də əlavə eləyib makinada çıxarıb redaksiyalarda yayırdıq. İlk bülletenlərin bəzilərini tək, bəzilərini Bahəddin Həzi ilə hazırladıq. Rövşən adlı bir tələbə də gəldi, ancaq bir faydalı iş görə bilməyib getdi. Sonra makinaçı da götürdülər, işimiz bir az yügülləşdi. Biz tələbə olduğumuzdan günün yarısını çalışırdıq. Arif bəy direktorluğu Mehman Əliyevə tapşırdı. (O, əsasən “Хазар” jurnalının məsul katibliyini edirdi.) Ancaq Mehman bəyin azərbaycancası yox idi. Faktik bülleteni biz buraxırdıq. O, təşkilatçılıq və yerli məlumatları Moskvaya ötürməklə işin o biri qanadını aparırdı. Sonra azərbaycancanın redaktorluğu üçün Arif bəy Bahadır adlı bir təcrübəli jurnalisti gətirdi. Bu arada fövqəladə vəziyyət yüngüləşmişdi, Azadlıq qəzetinin təzədən nəşrə başlaması götür-qoy edilirdi. Nəcəf bəyin Tərcümə Mərkəzində keçirdiyi toplantıdakı müzakirələr haqda Mayis Əlizadə yazıb, təkrar eləməyəcəm. Bircə əlavə edim ki, fikir ayrılığı yarandı, bir neçə nömrəni Ağamalı Sadiqlə Səfər Alışarlı partizanlıqla buraxdı, mən ora qatılmadım. Partizanlıq uzun sürmədi, qəzetin yaradıcısı Nəcəf bəy sükan arxasına keçdi. Mən getdim qəzetə. Ancaq Alışarlının vaxtında cəlb olunmuş işçilərin xeylisi qalırdı və maraqlıdır ki, Nəcəf bəy mənim işə götürülməyim üçün onların rəyini də aldı.
Bunları belə ətraflı qələmə almağımın səbəbi var.
Hakimiyyətin Nəcəf bəyin son salamat mirası – Turan agentliyi ətrafında “yaxşı polis-pis polis” oyunu oynamasını çoxdandır müşahidə edirəm. Agentliyin tora düşəcəyini güman eləmirəm. Mehman bəyə inanıram. Direktor müavini Şahin Hacıyevə özümdən çox inanıram. Yəni ağlıma batmır ki, Nəcəf bəyin bu mirası da məhv edilsin. Hər ehtimala qarşı agentlikdə əməyi keçən bir jurnalist kimi deyirəm. İstəyir Qərb təhsilli ingilisdilli gəlsin, istəyir Şərq təhsilli moltanıdilli. Agentliyi heç kəsə yedirməyin. Nəcəf bəyin, Aydın bəyin mirasını peşkəş eləməyə kiminsə haqqı yoxdur.
Bilirik ki, Nəcəf bəyin yaratdığı yeni medianın düşdüyü ağır vəziyyətin səbəblərinin 90 faizi qıraqdadır. Jurnalistlər arasında deyil. Və bu 90 faizdən hər gün yazıram. Bu günkü yazım 10 faiz barədədir.
Nəcəf bəy irsinin 90 faizini ingilisdillilərin molatnıdilli ataları – sovok yetirmələri 90 üsulla viran qoyublar. Mənim yazım 10 faiz barədədir.