Azərbaycandilli ana axın mediası Kəmaləddin Heydərovun oğluna qarşı ittihamları niyə gizlətdi?
Bəri başdan deyim ki, səbəblərini tam bilmirəm. Yəni bir azını bilirəm.
Bu gün “Əli və Nino” kitab dükanları şəbəkəsinin rəhbəri Nigar Köçərli Facebook səhifəsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb. Videosu da var, rus və Azərbaycan dillərində mətni də.
Müraciətdən parçalar:
“4 il əvvəl “Gilan” Holdinqin nümayəndəsi məni mərkəzi ofisə dəvət etdi. Sizin adınızdan dedi ki, “Əli və Nino”nu bizə verməlisən: “Əgər verməsən, biz fil, sən isə qarışqa – səni əzəcəyik”.
“Gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin doprosları, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar…
Bu, bəs etmədi, indi də “Əli və Nino” kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar”.
Normal xəbər mediası üçün bu, ana xəbər olmağa hər baxımdan layiq hadisədir. Nazirin əvvəllər başçılıq elədiyi Gömrük Komitəsindən sui-istifadə eləməsi ittihamı var, ölkədəki ən böyük holdinqlərdən birinə başçılıq eləyən nazir oğlunun fərdi sahibkarlığa təzyiqləri ittihamı var. Söhbət corab satışından yox, kitab satışından gedir, yəni həm də intellektualların birbaşa marağına toxunan məsələlər var.
Bəs niyə bu cür hadisəni xəbər mediası ana xəbərə çevirmədi? Nəinki ana xəbərə. Yerli-dibli üstünü vumadı. Görməzliyə vurdu.
Səbəb nədir? Dedim ki, bir azını bilirəm. Bir azı odur ki, Azərbaycanın TV-ləri, radioları svet vaxtında olduğu kimi, hökumətin monopoliyasındadır, əhalini məlumatlandırmaqla yox, propaqanda ilə məşğuldur. Müstəqil adlanan xəbər agentliklərini, saytları isə hökumət müxtəlif yollarla susdurub, ələ alıb.
Bəs Azadlıq radiosu niyə bu boyda əhvalatı görməzliyə vurdu? Bax bunun səbəbini tam bilmirəm.
Bəlkə bu radionun menecerləri irəli çıxıb bir açıqlama verələr?
Bu radionu yenidən quran Abbas Djavadi deyirdi ki, Bakıdan çoxlu ucuz işçi qüvvəsi yığıb Azərbaycanda 24 saat yayım yayacam. İndi dostluğunda olanınız varsa Djavadini təq eləyin görək, onun ucuz işçi qüvvələri ayda-ildə ələ düşən bir ciddi xəbəri niyə yaya bilmirlər? Gündə 24 saat nə yayacaqdılar? Radionun veteranı Askold Kruşelnitski 2006-cı ildə Kəmaləddin Heydərovun Avropadakı mülklərinin siyahısını çıxarmışdı, onları yaymağa niyə indiyəcən efir vaxtı tapa bilməyib? Bəlkə saytda yer qurtarıb?
Bu radioya ondan sonra başçılıq eləyən Kənan Əliyev və İlkin Məmmədov kimin dostuğunda varsa təq eləsin, çıxıb irəli desinlər ki, məsələ Kəmaləddin Heydərova, Vasif Talıbova gələndə nəyə görə onların araşdırmaları tormozlanır?