Başqa ölkələrdə qəza olanda vətəndaşlar yığışıb cavabdeh məmuru yandırır, Azərbaycanda qəza olanda jurnalistlər özlərini yandırır.
Bakıda narkoloji dispanserdə səhər baş vermiş faciəvi yanğından sonra da belə oldu. Hadisənin səbəblərini, cavabdehlərini axtarmaqdansa jurnalistlərin pasientlərin yaxınlarının ağlaşmasını videoya çəkdiklərini, dolayısıyla onları identifikasiya eləməyə çalışdıqlarını gördük. Sosial mediada jurnalistlərin “bu cür xəstələr pisdirlər, amma” tipli replikalarına rast gəldik. (Terror hadisələri zamanı onların “terroru pisləyirəm, amma…” yazdıqları yadınıza gələr.)
Bu bir paradoks.
Qəzalar, yanğınlar olanda jurnalistlərin bir versiyanı müdafiə elədiklərini, bütün suallara öz cavablarını verməyə çalışdıqlarını görürük. Bu, adətən onların siyasiləşmələrinin yönündən asılı olur.
Niyə bütün sualların cavabını bilməlisiniz ki? Jurnalist cavab axtarandır, yoxsa cavab verən? Bu da ikinci paradoks.
Bu peşə sahəsi çox cılızlaşdırılıb. Bilərəkdən, bilməyərəkdən.
Çox kiçik sərmayə ilə, az, ucuz işçi qüvvəsi ilə peşəkar media orqanı yaratmaq mümkün deyil. Normal maaşlı onlarla işçisi, ştatlı hüquqşünası, qrafik redaktoru, insan resursları mütəxəssisi olan neçə media orqanı tanıyırsınız? Büdcəyeyənləri və oliqarxlardan asılı olanları çıxın. Sonra reket məqsədilə yaradılan medianı çıxın. Yerdə nə qalır? Hə, bu yerdə dövrümüzün ən böyük paradoksuna gəlib çıxırıq. Məhz onlar qalır. Peşəkarlığa can atanlar, düzgün yolda olanlar, bu peşəyə xaltura üçün gəlməyənlər. Ciddi hadisələri işıqlandırmaqdan yaynanların, qeyri-peşəkarların, xalturaçıların yekəsi təminatlılardır, iri media orqanlarında çalışanlardır. İri media oranlarında çalışanların heç qaynar hadisə yerlərinə getdiklərini gördünüzmü?
Bu da üçüncü paradoksdur. Ərz elədik ki, yaxşı sərmayə qoymadan peşəkar media yaratmaq mümkün deyil. Azərbaycanda yaxşı sərmayə peşəkarlıqdan uzaq mediaya qoyulur, yaxud medianın peşəkarlıqdan uzaqlaşmasına sərmayə qoyulur. Peşəkarlar və ya peşəkarlığa can atanlar ən yoxsullardır, sərmayəsi olmayanlar və az olanlardır.
Paradokslar bununla bitmir.
Bəs əsasən ofisdə oturmalı olan redaktorlar necə?
Peşəkar redaktor olmağın iki yolu var: təxminən 5 il sanballı bir universitetdə təhsil alıb 10 il sanballı mediada işləmək, yaxud 10 il həmin tipli yerdə təhsil alıb 5 il işləmək.
Dövrümüzün bir paradoksu da reportyorluq təcrübəsi olmayanların, bu peşə sahəsinə aid təhsili olmayanların baş redaktor kürsüsündə əyləşmələridir. Bir-iki istisna var, ancaq qaydanı pozmur.