Jurnalistlə klan savaşı iştirakçısının fərqi olmalıdır. Müxalifət fəalının fərqi olmalıdır. Xəbər mediasının top-tüfəngdən, redaktorun cəngavərdən fərqi olmalıdır.
Əlimizdə olan bir material əsasında izah eləyim.
Azadlıq radiosu Paşa Holdinq barədə araşdırma yayımlayıb. Yazıda prezident ailəsinin biznes imperiyası haqda şok efekti yarada biləcək faktlar aşkarlandığı deyilir. Ola bilər hamısı düzdür, ola bilər yarısı düzdür, sözüm onda deyil. Mövzuya da iradım yoxdur. Bu yazılmalı, araşdırılmalı mövzudur. Sözüm ondadır ki, müxbir işinə görə yazıya 3, uzaqbaşı 4 qiyməti vermək olar, ancaq redaktor işinə – 2. Redaktora 2-dən yuxarı qiymət vermək fikrinə düşən istənilən beynəlxalq jurnalistika eksperti çıxsın ortaya – mən ona izah edim. Yazının strukturu. 1. Mübahisəli məsələlərlə bağlı jurnalist yazısında jurnalistin öz gəldiyi nəticə, söylədiyi şüar, çıxardığı hökmə yer olmamalıdır. Burda yazının lap başına belə şeylər çıxarılıb. 2. Araşdırma mümkün maraqlı tərəflərin fikirlərini də əhatə eləməlidir. 3. Araşdırmada jurnalistin ümumiləşdirdiyi nəticələr mətnin içindəki istinadlardan, müsahibələrdən, faktlardan çıxmalıdır. (Məsələn, qədim tunel, şəhər divarı hardan çıxdı, bu mətndə yoxdur. Yeri gəlmişkən deyim ki, senzurayla redaktənin prinsipial bir fərqi var. Redaktə mövzu seçməyə qadağa qoymur, mövzu ətrafında materialların çatdırılmasını qaydaya salır).
Bu, texniki dəyərləndirmə. Gələk siyasi məsələlərə. Jurnalistikanı siyasiləşdirmək və ya ondan siyasi məqsədlərlə istifadə bu peşədə ən ağır pozuntulardan sayılır. Təsəvvür eləyin: Azərbaycan, Rusiya, İran, indi də Türkiyə jurnalistikası nə qədər böyük bədbəxtlik içindədir. Amerika 5-10 Azərbaycan jurnalistinə şərait yaradıb ki, peşəkarlıq prinsipləri əsasında veriliş hazırlasınlar. Və bu şəraitin içinə baş redaktor neyləyir – məni bu narahat eləyir. Hamımız bilirik ki, material redaksiya rəhbərinin istədiyi formada gedir. Mövzunu o seçir və ya azından bəyənir. Ölkə iqtisadiyyatı bir neçə klanın, bir neçə oliqarxın əlindədir. Hələ ki, son bir neçə ildə onlardan biri ilə bağlı belə silsilə araşdırmalar gedib. İndi mən təhlilimin əsas hissəsini saxlayıram bir neçə gün sonraya. Əgər Azadlıq radiosu növbəti araşdırmanı, misal üçün, Ramiz Mehdiyevin qurduğu imperiyaya həsr eləməsə, klan savaşında medianın rolu mövzusunda ciddi araşdırmalara başlamaq lazım gələcək. Çünki, o redaksiya rəhbərinin klan savaşında iştirakı ilə birinci dəfə deyil rastlaşıram.
Bu barədə FB-da status paylaşamağa hazırlaşanda məqalədə iki imza vardı. Sonra Xədicə İsmayılovanın imzası da əlavə olundu. Yazdıqlarım ətrafında bir az diskussiya getdi, sonra gördüm ki, yazıda sadəcə Xədicə xanımın imzası qalıb. Bu heç. Mən redaktorluq problemi ətrafında yazmışdım, istəməyərək sıravi jurnalistlər sinələrini qabağa verdilər. Bir-iki zərbə onlara dəydi. Ancaq hədəf bu deyil. Mənim çalışqan sıravi jurnalistlərlə də, hünərli Seyidəhmədlə də işim yoxdu. Prosesi idarə eləyən çıxsın qabağa. Azərbaycana Qərbin jurnalistika standartlarının gəlməsinin qarşısını təkcə prezident dəftərxanasının idarə elədiyi mətbuat almır. Həm də müxalifət mətbuatı və Azadlıq radiosu alır. Mətbuatdan silah kimi istifadə eləyirlər. Ona görə bu silahın sərbəst gəzib dolaşmasından hakimiyyət qorxur. Hakimiyyət istəyir ki, özü silahlı gəzsin, qalanlar əliyalın. Buna əsasları da var. Ən azından Azadlıq radiosunun idarəçiliyindəki biabırçılıqlar hökumətə belə bir arqument qazandırıb: “görürsünüzmü Amerika mediası qərəzlidir, siyasiləşib, biz niyə qərəzli olmayaq, siyasiləşməyək”.
Ümumiyyətlə Azadlıq radiosunda efirə getməyən faktlar həmişə gedən materiallardan maraqlı olub. Araşdırmaşı jurnalist Kruşelnitski Azərbaycan oliqarxları haqda 2006-cı ildən başladığı dərin araşdırmanı öz çalışdığı Azadlıq radiosunda yayımlatdıra bilmədi. (O, korrupsiya araşdırmaları üzrə xüsusi müxbir idi. Artıq vəfat eidb). Vasif Talıbovun İstanbuldakı şirkəti barədə çox maraqlı bir məlumat beş ildir ki, yayımlanmır. Maraqlısı bu işin səhnəarxasıdır. İnternetdən hansısa açar sözü axtaırb çıxan nəticələri hazır fikrə uzlaşdırmaq hələ araşdırma deyil. Amerikalı menecerlər tənbəldirlər. Canlarını əziyyətə vermirlər. Briqadir sistemi ilə işləyirlər. Hər redaksiyanın başına bir nəfər qoyub bütün hər şeyi ondan soruşurlar. Bütün məruzələri, bütün monitorinqlərin nəticələrini onunla razılaşdırırlar. Bütün məlumatları onların dediyi kimi dəyərləndirirlər.
Qərb jurnalistikasının nə demək olduğunu azərbaycanlılara ən yaxşı Azadlıq radiosu gösrtərə bilərdi. Çünki orda tərəfsiz jurnalist kimi çalışmaq üçün bütün texniki və maddi imkan yaradılıb. Peşə kodeksi də bunu tələb eləyir. Ancaq menecment problemi son 50 ili qoyaq bir qırağa, son 20 ildə də düzəlməyib. Bu problem bir neçə dəfə biabırçı həddə çatıb. İslahatlar eləmək istəyiblər, yenə də ortada əyrilər qazanıb. Ayı ilə şirin savaşında çaqqallar güdükdə durub ovu götürüblər. Detallara getmirəm. Tez nəticə çıxarmaq lazımdı. Medianı silaha çevirib guya hakimiyyətlə vuruşanlar qədər demokratik hərəkatı aldadan, azdıran tormozlayan ikinci bir qüvvə yoxdur.
Nə prezident aparatından, nə Amerikadan kömək gözləmədən ölkədə xəbər mediasının depolitizə olunmasına çalışmaq lazımdı. Jurnalistika az qala riyaziyyat qədər dəqiq sahədir. Redaktəylə senzuranın sərhəddi bəlli. Siyasətdən yazmaqla siyasiləşmənin sərhəddi bəlli. Mübahisəli mövzuların, konfliktlərin işıqlandırılmasının resepti var. Təhlilin, araşdırmanın standartları var. Sadəcə öyrənmək lazımdı. Bu gün Azərbaycanın adlı-sanlı redaktorlarının hərəsinin öz jurnalsitika konsepsiyası var. Hamısı bilməzlikdəndir. Rusiyadan yoluxmuş çoxbilmişlik, dünyadan fərqli “öz suveren demokratiyasını” axtarmaq xəstəliyidir. İndi dünyada qəribə bir proses gedir. Bir tərəfdən, orta əsr dünyagörüşlü yaxın şərqlilər gedib Britaniyanın təhsil sistemini mollaxanaya çevirirlər, o biri tərəfdən öz evlərində CNN, Sky News, hətta Foxnews’la gerçək rəqabətə girə bilən Əl-Cəzirə TV-si açırlar. Mən xaricdən yox, ölkənin içindən sağlam media çıxacağını düşünürəm. Qoy çürümüş qoca ağacları bəsləyib ömrünü uzatsınlar. Ancaq çürük ağaclar yalnız gübrə kimi işə yarayacaq.
(Yazını olduğu kimi istənilən sayt verə bilər, ancaq ixtisarla verməyi qadağan edirəm.)
P.S. Bu bloq yazısını Yeni Müsavat qəzeti götürüb saytına qoymuş, bir neçə gün sonra isə pozmuşdu. Xədicə İsmayıl FB diskusisyasında iradların heç birini qəbul eləmədiyini desə də, sonradan yazıda bir az əl gəzdirmişdi. Yazının orijinalı veb arxivində durur. Mən yazıda faktual səhvlərə (misal üçün “qanadlı prezervativ” icad eləmiş Adnan Tunoviçin adını Azərbaycana bağlamaq) toxunmamışdım. Çünki mövzum reportyor işi yox, redaktor işi idi.