Bunu məndən başqa heç kəs yazmayacaq.
Mediadan gördüyümüz mənzərə tam ola bilərmi? Tezcə cavab verirəm. Xeyr. Proseslərin başında siyasətçilər durur, onlar sistemin maraqları əsasında idarə edirlər, əsas informasiyalar onların əlindədir. Jurnalistlərin əlində proseslər haqda tam, bitkin məlumat ola bilməz. Onların özləri də bilmədən əldə etdikləri məlumat siyasi məqsədlərə və ya sistemin tələblərinə uyğun dozada yeridilə bilər. Hətta bu məlumatlar doğru olsa belə. Ona görə, son həqiqət iddiası ilə yazı yazmaq məsləhət deyil.
İştirakçılar haqda bildiyimiz və gördüyümüz məlumatlar da zaman keçdikcə bizə kömək etməkdənsə, əngələ çevrilə bilər.
Bir misal çəkim, mövzunu açaq.
Xaliq Bahadır Osmanqızı kanalına müsahibəsində KQB arxivlərinin açılması üçün mübarizə apardığını və bunun üstündə AzTV informasiya redaksiyasının rəhbərliyindən azad edildiyini deyir. AXC hakimiyyəti dövründə üç qurum – Prezident Aparatı, Nazirlər Kabineti və Milli Məclis onu vəzifədən azad etmək üçün çalışıb və buna nail olub. Dediklərinin hamısı doğrudur. Xaliq bəy korrupsiyaya bulaşmayan, heç vaxt bilərəkdən hansısa sistemə, qruplaşmaya işləməyən şəxsdir. İş yoldaşım olub. Heç vaxt sıravi işçilərlə mübahisə etməzdi, heç kəslə konflikti yox idi. O yalnız böyük məsələlərə görə böyük adamlarla konfliktdə olub.
Xaliq bəyin müsahibədə dedikləri də, mənim onu haqqında yazdıqlarım da tam doğrudur. Ancaq mənzərənin tamı deyil. Xaliq bəy işdən azad ediləndə AzTV informasiya redaksiyasında çalışan bütün işçilər tətil edirlər. (Buna bənzər bir şey 2000-ci ildə Çexiya televiziyasında da oldu, amma ictimaiyyət jurnalistlərə dəstək verdi, məsələ böyüdü, kütləvi aksiyadan sonra hökumət informasiya redaksiyasına müdaxilədən əl çəkdi.) Ancaq Xaliq bəyin məsələsində tətil baş tutmadı: Sevinc Osmanqızı teleşirkətin sədr müavininin otağında təkbaşına xəbərlər proqramını hazırladı təkcə efirə çıxdı.
Dediyim kimi, Xaliq bəyin sıravi işçilərlə heç vaxt konflikti olmayıb və o vaxt da buna bir reaksiya göstərmədi. Həmin tətili təşkil edən şəxs indiki deputat Sahib Alıyev idi. Sizə qəribə gələ bilər, amma hər şeyi bilmək mümkün deyil, o cümlədən də bu cür məsələlərin səhnəarxasını. Kimin nə vaxt harda olduğunu.
Xaliq bəy KQB arxivlərinin açılmasını birbaşa efirdən tələb elədiyinə görə işdən çıxarılandan sonra Qurban Məmmədov onun hüquqlarını qoruyur. Məhkəmədə vəkili olur.
Bu misallardan göründüyü kimi, insanların fəaliyyətinin əvvəlini də, axırını da bilmirik. Sadəcə bizə görünənlər, araşdırıb tapdığımız məlumatlar əsasında müəyyən obrazlar formalaşdırırıq. Obrazın tamlığı üçün bir az geri gedək. Xaliq bəy bir dəfə emosiyaya uyaraq KQB-nin ssenarisində BİLMƏYƏRƏKDƏN yer alıb. Xalq hərəkatına AXC və onun İdarə Heyəti rəhbərlik etdiyi halda, 1990-cı il yanvarın 13-də bu təşkilatın daxilində Milli Müdafiə Şurası peyda olur və radikal tədbirlərə çağırır. Əbülfəz Elçibəy, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı və Xaliq Bahadır bu şuranın üzvləri idi.
Həmin vaxt hərəkatın radikallaşması Moskvann və KQB-nin çalışdığı bir istiqamət idi. Kimin bilərəkdən, kimin bilməyərəkdən KQB oyununa getdiyini dəqiq bilmirəm, amma Xaliq bəy bilməyərəkdən getdi.
KQB-nin əvvəlki adı da, sonrakı adları da fərqli olub, amma asan başa düşülsün deyə, bu sözü işlədəcəm. KQB ilə bilərəkdən oyuna getməyə aid bir misal da bilirəm. Qurban Məmmədov müstəqillik illərində KQB-nin varisi olan təşkilata başçılıq edən Namiq Abbasovla bir oyun qurur. Bu oyuna özü könüllü gedir, bu barədə öz izahı var. Amma onu dolaşdırıb həbsə atırlar. Həmin Xaliq bəyi KQB məsələsinbdə müdafiə edən Qurban Məmmədov.
İndi hər kəsin öz addımları barədə öz izahları var. Mənim dediyim odur ki, mənzərəni tam görmək mümkün deyil.
Mənzərəni tam görə bilmədiyimiz məsələlər çoxdur. İlk baxışdan hər şey aydındır. Azərbaycanda millətçilər (əslində türkiyəçilər) var, Türkiyəni qardaş bilirlər, çoxu da səmimidir. Ancaq mənzərənin tam olması üçün bu bəs eləmir. Türkiyə və Rusiyadakı indiki rejimlər üçün azərbaycanlılar, uzaqbaşı, nəyinsə vasitəsi ola bilər. Onların heç birinə lazım deyil ki, azərbaycanlılar özlərini möhkəmlədib bir regional gücə çevirsinlər. Azərbaycanlılar qonşu və qohum xalqlara hakimiyyət bölgüsü, müstəqil məhkəmə, söz azadlığı kimi şeylər öyrətsilər.
O baxımdan, Azərbaycanla Türkiyə arasındakı son soyuqlaşmada və Rusiya arasındakı son gərginlikdə Bakını günahlandıran millətçilərdən bir az şübhələnirəm. Tam mənzərəni mən də görmürəm. Tam mənzərə bir dəfə 1920-ci illərdə görünmüşdü. Osmanlı qalıqları Leninlə, sonra Stalinlə birləşərək Azərbaycanın turançılarını həriflədi, Orta Asiyada öz üçün çalışdırdı. İnanmazsınız, amma bu turançılıq ideyası ilə bir çox bolşeviklərin başını bişirmişdilər. Bolşeviklərin Azərbaycanı işğal etməsinə də sözün hərfi mənasında yol açanlar həmin turançılar idilər. Yeri gəlmişkən, Rəsulzadə cəbhəsi turançı-türkiyəçi cəbhədən tamam fərqli bir cəbhədir. Rəsulzadə cəbhəsi Azərbaycan cəbhəsi idi.
Bir sözlə, nəinki media, heç iştirakçıların da çoxu mənzərəni tam görə bilməz. Ona görə, gərək media tam görə bilmədiyi işlər haqda nəticə çıxarmağa tələsməsin, aktivistlər də tam görə bilmədiyi prosesə qoşulmasın.