
Murmanskdan tutmuş Bəndər Abbasa qədər, Vladivostokdan tutmuş Qırmızı körpüyə, hətta Bosfora qədər olan ərazidə əsas problem hüquqdur. Daha doğrusu, hüququn olmamasıdır. İnsan haqlarına hörmət qoyulmamasıdır. Bir az da dərinə getsək, hüquqsuz kütləni hüquqa qarşı qısqırdan mərkəzlər var. İnsan haqlarına irişənlər sadəcə avam kütlə deyil. Politoloq adıyla, din alimi adıyla, millətçi adıyla, başqa ideologiyaların döyüşkən əsgəri adıyal tribunalarda daim məskən salanlardır.
Qısqırdan mərkəz ənənəvi olaraq Moskvadır. Sonra Qumdur, yeni yaranmaqda olan mərkəz Ərdoğan ətrafında formalaşır.
Qaraguruh Trampdan ilham alır. Artıq qanunu həyasızcasına tapdamaq ayıb sayılmır. Artıq rəqiblə seçkidə yarışmaq əvəzinə, onu şərləyib həbsə atmaq ayb sayılmır. Artıq məhkəmələri siyasi qərarlar çıxamağa məcbur etmək ayıb sayılmır. Yəni ənənəvi olaraq insan haqlarının qorunmasına yardım edən, məhkəmələrin müstəqilliyi ilə tanınan Vaşinqton da bu mərkəzlədən birinə çevrilməkdədir.
Hüquq əvəzinə güclü lider uğrunda, hüquq əvəzinə ideologiyalar uğrunda, hüquq əvəzinə millətin qədimliyini gözə soxmaq üçün tarix uydurub kütləyə sırımaq uğrunda çalışmaq çoxlu faciələrə gətirməlidir. Bunu görmək üçün peyğəmbərlik lazım deyil. Bir əsr qabağı demirəm, cəmi 20-30 il qabağı -İraqı, Yuqoslaviyanı, Qarabağ və ətrafının dağıdılmasını, Yaxın Şərqi kino lenti kimi göz önündən keçirin. Əlində atom bombası olan “güclü lider” təhlükəsizlik qarantiyası deyil, 20-30 illik siyasi təcrübə gələcəkdə problem olmayacağının qarantiyası deyil. Ölmüş sivilizasiyaların irsi hesabına parazitliklə düzülüb-qoşulmuş “2-3 min illik dövləyçilik təcrübəsi” faciələrin olmayacağına qarantiya deyil. Əksinə, bunlar hamısı faciələrə aparan yoldur.
Region hüquqa irişməyin barını dərməyə başlayır.
Çox çətin zəmanədir. Çox pis toxumlar əkilib. Polisin cinayətdə şübhəli elan etdiyi adamların evinə basqın edib onları öldürməsi insan haqlarına elliklə irişməyin nəticələrindəndir. İlk nəticə də deyil. Bundan qabaq bundan da böyük Tərtər var.
Söhbətin əvvəlinə qayıdaq, Murmanskdan Bəndər Abbasa, Vladivostokdan Bosforacan ərazidə problemlər ümumidir, bənzərdir, getdikcə bənzərləşir. Bu problemlərin qarşısını almağın bir yolu var. Adamlar gic-gic ideologiyalardan, dini təəssübkeşlikdən, millətçilikdən əl çəkib hüquq uğrunda çalışmalıdırlar. Bunu hər xalq təklildə edə bilməz, ortaq məxrəclə edilməlidir.