Rəsmi trollar və qulluqçu-şərhçilər bir yana, ətrafınızdakı hər iki adamdan biri tezliklə məntiqli suallarla meydana atılacaq.
Belə arqumentlər gətirəcəklər:
1. Nə olsun, Əsəd yıxıldı, olan xalqa olacaq.
2. Əsədin yıxılmasından imperialist güclər faydalanacaq.
3. Əsədin yerini keçmiş İŞİD-çi tutacaq.
4. Ölkə parçalanacaq.
Hamısını düz deyəcəklər, səbəbini səhv yerdə axtaracaqlar. Daha doğrusu, bəziləri görməyəcək, bəziləri görməzliyə vuracaq.
Görməyənlər normal hüquqi, siyasi bilik bazası olmayanlardır. Onların siyasət və hüquq haqqında bilgilərini ya AzTV, RusTV, TürkTV formalaşdırıb, ya da “Qurdlar vadisi”. Bilib görməzliyə vuranlar da peşəsini beş qəpiyə satıb siyasi alver edənlərdir.
Siyasi biliklərin əlifbasına qayıdaq.
1. Hökumətin dəyişməsi zamanı xalqa zərər dəyməməsi üçün demokratik proseslər oturuşmalıdır. Normal seçki olur, çox səs toplayan partiya hökuməti formalaşdırır. Suriyada buna imkan verməyən dədə-bala əsədlər idi. Günahı uzaqda axtarmaq əbəsdir.
2. Əsədin qalmasından da imperialist güclər faydalanırdı. Rusiya, İran… Yıxılmasından da başqa imperialist güclər və ya elə-belə güclər faydalana bilər. Yenə də günah dədə-bala əsədlərdədir. Legitimliyi vətəndaşlardan yox, kənar güclərdən alan hakimiyyətlər qalanda da, öləndə də bundan xaricilər faydalanacaq.
3. Hakimiyyət ölkədə siyasi partiyaların belini qıranda, normal təhsilə imkan verməyəndə, sivil toplumu formalaşmağa qoymayanda orda İŞİD də meydan sulayar, Əl-Qaiddə də. Ölkədə normal güclərin tapılmamasının günahı da dədə-bala əsədlərdədir.
4. Ölkənin birliyini Konstitusiya, qanunlar, vətəndaş haqları təmin edir. Vətəndaşları sorta böləndə, imtiyazlı siniflər yaradanda, bəzi qrupları və ya azlıqları sıxışdıranda, hüquqdan və ölkə sərvətlərindən hər kəs bərabər pay götürməyəndə bu, artıq parçalanma deməkdir. Suriyada bunun da səbəbkarı dədə-bala əsədlər idi.