Paşinyan Rəsulzadənin bir əsr qabaq söylədiyi fikrə gəlir.
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilmiş İkinci Qlobal Erməni Forumunda suallara cavab verərkən bunları deyib:
“Ailəmə dediyim kimi, sizə də deyim. Bizim ən böyük problemimiz vətənpərvərliyi necə anlamağımız idi. Üstəlik, dediklərimdə nə ironiya var, nə kinayə. Qarşılaşdığım ən böyük problem vətənpərvərliyim idi ki, bu vətənpərvərlik modelinin vətənimizlə heç bir əlaqəsi yox idi, sadəcə, kitablar, filmlər, mətnlər, çıxışlar, personajlar və obrazlar vasitəsilə sosial psixologiyamıza daxil edilmiş vətənpərvərlik modeli idi.”
Paşinyan 2020-ci ilə qədər həmin növ vətənpərvərliyə uyduğunu və bunun səhv olduğunu etiraf edib.
“Vətənpərvərliyimizin dağıdıcı tərəfini özümüz üçün etiraf etməliyik. Əgər mən vətənpərvər olmasaydım, bu, Ermənistan Respublikasının maraqlarına daha uyğun olardı. Mənim vurduğum ən böyük zərər ölkəmə və xalqıma olan sevgim üzündən oldu. Ancaq əsas problem odur ki, o sevginin müəllifi nə sizsiniz, nə də mən. Bu, imperiyanın formalaşdırıdğı, bizə aşıladığı sevgidir.”
(Bu sitatları Armenpresin saytının ingiliscə variantından götürmüşəm. İnanmıram ki, ikiqat çevirmə vaxtı Paşinyanın fikirləri güclü təhrif oluna.)
Cəsarətli çıxışdır. Hər kəsin işi deyil bunu dilə gətirmək. İki əsrdir imperiyalar erməniləri qızışdırırlar, beyinlərini doldururlar. Nəinki Ermənistanda, heç yerdə bunu dilə gətirən bir siyasi lider tapılmır.
Ümumiyyətlə, siyasi liderlər fikir söyləmək məsələsində çox cəsarətsiz olurlar. Diplomatik etiketlər, hakimiyyət maraqları, müxtəlif qüvvələrin mövcudluğu siyasətçiləri dünyanın və kütlənin qəbul eləmədiyi fikirləri dilə gətirməkdən çəkindirir. İstisnalar olub. Amerikanın qurucu atalarından tutmuş Şərqin ötən əsrdəki sekulyarist liderlərinəcən.
Rəsulzadə ermənilərlə türklər arasında münaqişənin yaranmasında Avropa imperiyalarının da xeyli rolu olduğunu demişdi. Amma ondan sonra bu fikri söyləyən görkəmli siyasi liderə rast gəlməmişəm.
Son olaraq onu deyim ki, xalqlar və tarixlər haqda regionumuzun beyninə yeridilmiş stereotiplərin hamısı imperiyaların istehsalıdır. Xalqları toqquşduranda tabe etmək asanlaşır. Birinin adını qədim tarixi olan xüsusi irq qoyub qoltuğuna qarpız verirsən, o birini Altaydan gəlmə adı ilə damğalayırsan. Toqquşdurursan, hakim olursan. Hər adamda o səviyyə yoxdur ki, cəmi 1000 ilə adamın monqoloid irqindən qafqazoid irqinə çevrilməsinin mümkün olmadığını anlasın.