Müşahidəçilərimiz gözlərini açırlar ki, İlon Mask kosmosa raket uçurdur, Marsı hədəfləyir. Bir az araşdırıb görürlər ki, NASA ilə kontraktlar hesabına xeyli pul qazanıb. Sonrasını təsəvvür əsasında düzüb-qoşmaq asandır: Amerika hökuməti bu adamların arxasında durur, onları yetişdirir, dəstəkləyir. Ardınca komplo teoriyaları gəlir: İlon Mask ölkəni idarə edənlərin xüsusi proyektidir, Rusiyanı kosmos bazarından çıxarmaq üçün düşünülüb… Hər kəsin fantaziyasına uyğun bir ssenari hazırdır.
Savadına, hazırlığına güvəndiyim adamların son vaxtlar belə mövzularda komploya meylləndiyini görürəm. Konkret adamlarda günah yoxdur.
Cəmiyyət sistemli olaraq məlumatlandırılmır.
Sistem adamları yanlış məlumatlandırmaqda maraqlı görsənir.
Vətəndaşların təkbaşına, öz zəhməti hesabına dolğun məlumatlanması çətindir.
Ölkədə normal, siyasiləşməmiş, ideologiyalardan uzaq, yəni elmə əsaslanan təhsil sistemi olmalıdır. Və müstəqil xəbər mediası olmalıdır. Xəbər mediasında isə ixtisaslaşma olmalıdır. İxtisaslaşmanı niyə xüsusi qeyd edirəm? Bir azdan deyərəm.
Erik Bergerin “Dik uçuş” kitabını oxuyan olsa İlon Maskı hökumətin yetişdirməsi haqda söhbətlərin gülünc olduğunu görər.
Hökumətlər biznesə kömək eləmirlər, mane olurlar. İlon Mask da istisna deyil. Onun günü federal agentliklərlə davada keçir. Elə bu yaxınlarda Starship-in test uçuşuna icazəni açıq-aşkar ləngitdiyinə görə, Mask hökumət agentliyini tənqid eləmişdi. İndi təsəvvür eləyin, raket istehsalı fikrinə düşəndə ona hökumət nə qədər badalaq gəlib.
Bergerin kitabından aydın olur ki, SpaceX-in ilk raketi Falcon-1-i düzəldib sınaqdan çıxarmaq üçün hazır hökumət tikililərindən istifadəyə icazə verməyiblər. Sürgün kimi bir yerə göndəriblər. Marşal adalarından birinə – Omelek adasına. Kaliforniyadan 8 min kilometr uzağa.
Berger SpaceX şirkətinin mühəndis və fəhlələrinin adada günlərlə ac-susuz çalışmaları, ilk uçuşa qədərki çətinlikləri faktlarla qələmə alır. Müəllif kosmos və raket texnologiyaları üzrə ixtisaslaşmış müxbirdir.
Xülasə, fakt olmayanda, ixtisaslaşmış müxbirlər yazmayanda onun yerini komplo tutmalıdır. Fakta əsaslanan media olmayanda adamlar savadlıların, nüfuzluların fantaziyalarına möhtac qalırlar.