Hakimiyyətin jurnalist vəsiqələrini mərkəzləşdirilmiş formada verməyi düşünməsini tənqid eləmişdim. Yəqin kimsə fikirləşir ki, tənqid eləmək asandır, bəs sən nə çıxış yolu göstərirsən.
Əvvəlcə soruşaq. Jurnalist vəsiqəsi nəyə görə lazımdır? Baxaq görək, o harda işlənir?
1. Hökumət idarəsinə gedib məlumat istəyəndə.
2. Vəsiqə daşıyıcısının harda işlədiyini öyrənmək isəyəndə.
Birinci hala baxaq. Məlumat istəyənlərin sayını kontrol eləmək üçün, daha dəqiqi minimuma endirmək üçündür bu vəsiqələr. Sivil dünyada necədir? Çağdaş dünya jurnalistikasının standartları, əsasən ABŞ və Böyük Britaniyada formalaşıb, indi demokratik kimi tanınan dövlətlər tədricən onları qəbul eləyib, olub dünya jurnalistka standartları.
Bu ölkələrin hər ikisində İnformasiya Azadlığı Aktı var. Bu aktlar nə verir?
a) Hökumət ondakı məlumatları dərc eləməyə, yaymağa borcludur.
b) İstənilən vətəndaşın hökumət orqanından istədiyi məlumatı almaq hüququ var. (Dövlət sirləri istisnadır, əsasən kəşfiyyat şəbəkəsinin siyahısını və diplomatik yazışmaları əhatə edir. Hər cür məlumatı bu pərdə altında gizlətməyin qarşısını almaq üçün də normalar işlənib hazırlanıb.)
Həmin istisna sayılan sirlər jurnalistərə də verilmir. Başqa sözlə, juralistlərin ala biləcəyi bütün məlumatları adi vətəndaşlar da hökumətdən ala bilərlər. Lap başqa sözlə, İnformaisya Azadlığı Aktı hər bir vətəndaşın cibində bir jurnalist vəsiqəsi deməkdir.
O boyda ölkələrdə hamının cibində belə bir vəsiqənin olması praktikada heç bir xaos yaratmır. Niyə Azərbaycanda 5-10 min nəfərin cibində jurnalist vəsiqəsinin olması xaos yaratsın ki?
2-ci hal. İş yerinin təsdiqi. Bu halda isə media orqanı özü bilər əməkdaşlarının harda işlədiyini necə təsdiq eləsin. Vəsiqəyləmi, vizit kartıylamlı, e-mailləmi… Bunun hökumətə nə dəxli? Hökumətin nəzarətindəki şəxsiyyət vəsiqəsidir, hərbi biletdir, yaş kağızıdır, pasportdur, əmək kitabçasıdır, sürücülük vəsiqəsidir və bunlar geninə-boluna bəsidir.
Yəni konkret nə təklif eləyirəm? Ölkədə xəbər mediasını təkmilləşdirmək istəyən kəs jurnalist vəsiqələrinin sayını minimuma endirməyi düşünməz, hər vətəndaşa bir jurnalist vəsiqəsi verməyi düşünər. Yəni səmimi istəyi olan hakimiyyət demokratik ölkələrdəki İnformasiya Azadlığı Aktlarından birini kopyalayıb qəbul eləyər. Bu qanun üstündə çağdaş hüquq və jurnalistikadan xəbərsiz adamların işləyib səy-səy təkliflər verməsi üçün də 2 il vaxt itirməyə gərək yoxdur.