İndiki dövrdə informasiya azadlığını məhdudlaşdıran inkişaf eləmiş ölkə tapmaq çətindir.
Müharibə aparan ölkələr vətəndaşları və beynəlxalaq aləmi adi vaxtdakından daha çox məlumatandırmalıdırlar. Belə vaxtlarda dəqiq informasiyaya tələbat artır.
2003-cü ildə ABŞ İraqa qoşun yeridəndə jurnalistlərin təhlükəsizliyini səbəb göstərərək bir çox reportyoru qoşunlara təhkim elədi. Onlara “embedded journalist” deyirdilər. Media orqanları götür-qoy elədilər ki, hadisə yerindən məlumatı belə təhkimçi jurnalist olmaq yoluyla çatdırsınlar, yoxsa başqa cür informasiya əldə eləmək yolu seçsinlər. Bu, informasiya alıb ötürmək azadlığını məhdudlaşdırmaz ki. Müsbət və mənfi tərəfləri müzakirə olundu. 400-ə yaxın reportyor, o sıradan tanıdığım müxbir Ron Sinovitz təhkimçi jurnalist kimi İraq-Küveyt sərhəddindəki ABŞ bölmələrinə qoşuldu. Başqa yüzlərə jurnalist, təhlükəli olsa da, hərbçilərdən asılı olmadan hadisələri işıqlandırmaq yolunu tutdu. (O ərəfədə
CBC News kanalının jurnalisti dan Rader İraq prezidenti Səddam Hüseyndən müsahibə də götürmüşdü
.)
Bizdə çoxlarının, hətta jurnalist adı daşıyanların informasiya azadlığını məhdudlaşdırmağa çağırmalarına tez-tez rast gəlirik. Normal peşə mühiti olan yerdə belə səy-səy çağrışlar eləməzlər.
Hərbçilər düşmənlə, yanğınsöndürənlər yanğınla mübarizə üçün yola çıxdığı kimi, reportyor da olanları görə və göstərə bilmək üçün yola çıxmalıdır. Görməyənin göstərdiyi də saxta olacaq.
İnformasiyanı bizdə çox səhv olaraq iş üçün zərərli sayırlar. Düz iş görən doğru informasiyadan qorxmaz.