Kəndə satmaq üçün bir maşın tir gətirmişdilər. Belə vaxtlarda kiçik bir yığıncaq olurdu. Daha doğrusu, yığnaq. Alan da, almayan da maşının ətrafına toplaşırdı. Tiri gətirən Jora yad adam deyildi. Kənddə bir xeyli adamı tanıyırdı.
Sovet vaxtı hamı ev tikirdi, hamı evinə döşəmə vururdu, hamı tikintidə taxta materiallar işlədirdi. Ancaq heç yerdən qanuni tikinti materialı, xüsusən taxta-şalban almaq olmazdı. Əgər kimsə çuğullasaydı, gəlib alanı da, satanı da çək-çevirə salıb hədələyib bir az rüşvət qoparacaqdılar. Rüşvət verməyən isə sovet əmlakını talamaq tipli maddələrlə həbsə gedəcəkdi.
Ermənistanda korrupsiya qabarıq olmasa da, belə bir kölgə iqtisadiyyatı vardı. Bu cür iqtisadiyyat adamların bir-birinə etibarı əsasında işləyir. Yəni Jora ilə kənd sakinləri arasında etibar vardı.
Birdən hay-küy düşdü ki, filankəsin oğlu gəlib. İnstituta qəbul olub.
Adamlar hazırlaşdılar ki, hədiyyədən-zaddan götürüb gözaydınlığına getsinlər. Söhbət vaxtı Jora eşitdi ki, qəbul olanın atası 5 min manat rüşvət veribmiş. (Məktəbimizi ildə 20-30 nəfər bitirirdi, onlardan ildə 5-6 nəfəri institutlara qəbul olunurdu. Əksəriyyəti öz biliyinə. Həmin 5-6 nəfərdən uzağı biri başqa yollar tapırdı.) Jora dedi ki, siz niyə sevinirsiniz, niyə onu təbrik eləməyə gedirsiniz. Axı müəllim olacaqsa, sizin uşaqları kor qoyacaq, həkim lacaqsa, sizi müalicə eləyə bilməyəcək.
Göyçədə bir savad kultu var idi. Ən hörmətli adamlar elmi dərəcəsi olanlar sayılırdı. Ən hörmətli övlad instututa qəbul ola bilən idi. Ancaq Joranın da replikasından göründüyü kimi, ümumi kütlə oxumağın, savadın nəyə lazım olduğunun dərinliyinə gedə bilməmişdi. Dəb, göstərməçilik aparıcı idi.
Kənddən baxanda universitetlərdə qalıb elmi dərəcə alanlar, yaxud Bakıya gəlib partiya xətti ilə yüksək postlar tutanlar tamam başqa cür görünürdü. Bakıdan baxanda bunun tərsini gördüm. Bu müəllimlərin çoxu təhsil sisteminin korlanmasında istifadə olunurdu, partiya-təsərrüfat rəhbərlərinin çoxu hakimiyyətdə kökləşən klanların dayaqlarına çevrilirdi. Ən aktiv hissəni, Ermənistanda vəzifə tuta biləcək adamları daşıyıb aparırdılar. Təbii, aktiv adamların hamısı elə deyildi. Oxuduğum orta məktəbin direktoru Ermənistandakı azərbacyanlılar arasında bəlkə də ən dərin savadı olan idi. Sonacan da kənddə qaldı. Elm ocaqlarında da prinsipiallığını qoruyan bir-ikisinə rast gəlmişdim.
Ancaq istisnalardan yox, ümumi prosesdən danışıram. Bu proses, yəqin ki, Ermənistanda sovet vaxtı gizli fəaliyyətə keçmiş millətçilərə də, Azərbaycanda formalaşan klana da sərfəli idi. Tutalım, Basarkeçər rayonunda əvvəllər raykomun birinci katibi, üçüncü katibi, maarif şöbəsinin müdiri azərbaycanlı olurdu, ikinci katiblə icraiyyə komitəsinin sədri erməni olurdu. İrəlidəki azərbaycanlı kadrlar yavaş-yavaş Bakıya doğru çəkiləndə kadr çatışmazlığını səbəb göstərib həmin yeri ermənilərə verirdilər, 30-cu illərdən gözlənilən paritet 70-80-ci illərdə pozuldu.
Həmin kadrların qabiliyyəti haqda xalq arasında əfsanələr dolaşır, bu gün Vikipediyada da tapmaq olar. Məsələn, Azərbaycanda şərabçılıq komitəsinin sədri işləmiş Yunis Rzayev Göyçənin ən hörmətli adamlarından sayılırdı. İndi də köhnə kişilərdən soruşsan elə deyəcəklər. Vikipediyanın azərbacyancasına baxıram. Titullar sadalanır, görkəmli olması xatırladılır. Ancaq nə icad edib, nə yenilik gətirib, mətnlərdə tapmaq olmur. Sadəcə vəzifə, titul, savad kultunu adamlar yaşadırlar – bu qədər. Yunis Rzayev raykom katibi işləyən vaxtlar kəndimizdə bir oğlanın çox məzəli qaçdığını görür. Bir gün kütlənin arasında onu çağırıb deyir ki, filan yerdən filan yerəcən qaç, baxım, sənə bir kostyum alacam. O da qaçmır. Ola bilsin, sizə adi bir əhvalat kimi görsənsin. Ancaq məncə, həmin uşaqda autizmin yüngül forması olub. Bu cür uşaqlar geridəqalmış cəmiyyətlərdə çıxdaş olunur, qabaqcıl cəmiyyətlərdə onları sosiallaşdırmaq üçün çoxşaxəli tədbirlər görülür. Onu demək istəyirm ki, sovet vaxtı bu cür formalaşdırılan elita ölkənin qarşısındakı çoxsaylı məsələlərin həllinə girişəcək səviyyədə deyildi.
Urbanizasiya, kənddən şəhərə axın aşağı-yuxarı hər yerdə gedən prosesdir. Ermənistanda yaşayan azərbacyanlılar arasında bu prosesi sürətləndirən bir amil də var idi.
Əksər əhali dağlıq yerlərdə yaşayırdı. Sovetlər gələnəcən adamlar ailəyə bir neçə hektar ərazini əkib-becərib özlərini dolandırmışdılar. Sovetlər həyətyanı sahə üçün 28 sot torpaq limiti qoydular. Bu isə ailələri dolandırmağa bəhs eləmirdi. Azərbaycanda iqlim daha mülayim, torpaq daha məhsuldar olduğu üçün bu qədər həyətyanı sahə, bəlkə də bir ailənin minimum ehtiyaclarını ödəyə bilərdi. Ancaq ildə 5 ay qar olan bölgələrdə bu qədər torpaq sahəsinin məhsulu ilə dolanmaq mümkün deyildi. Beləliklə, adamların gözü qıraqda idi. Bir paradoks da vardı: ailədə uşaqların sayı çox olmasa təsərrüfatda işçi qüvvəsi çatmırdı, uşaq da çox olanda xərclər artırdı. Qısası, bu qədər torpaq ailə təsərrüfatı üçün həddən artıq az idi. Belə-belə qeydə alınmayan, araşdırılmayan problemlər toplanırdı.
Biz bir xalq olaraq ümumi problemləri dərindən araşdırıb çıxış yolları axtaran qurumlar yaratmamışıq. (İndi də yoxdur.) Üstəlik, 70-80-ci illərdə həmin kəndliləri təmsil eləyə biləcək adamların azalması yüzillər, bəlkə minilər bağlı olduqları torpaqdakı kökləri qurudurdu. Pafoslu sözlər demək, vətən həsrəti şeirləri yazmaq olar. Ancaq heç kəsin demədiyini demək istəriyrəm. Həmişə düşünürdüm ki, axı Ermənistanda yaşayan azərbaycanlılar iki ölkədəki idarəçilik fərqini hamıdan yaxşı görürlər, şahiddirlər, niyə onların çoxu özünü elə aparır ki, guya Azərbaycanda dahiyanə siyasət yürüdülür. Əvvəllər belə adamları ikiüzlülükdə günahlandırırdım. Fikrim çox dəyişməsə də, yəqin elmi səbəb axtarsam, gedib iqtisadiyyata və təhlükəsizlik problemlərinə çıxacam.
Ardı var.