Ermənistanla Azərbaycan SSRİ-nin tərkibində olsalar da, çox fərqli həyat tərzləri vardı. Azərbaycan göstərməçiliyin kitabını yazırdı, keçici bayraqlar, iqtisadi uğur pafosu, məktəblərin payız və yaz boyu pambığa, üzümə görə bağlanması… Yəni təhsil bir növ formal idi, əsas Moskva qarşısında öhdəliklər, 1 milyon ton pambıq və 1 milyon ton üzüm idi. Ermənistanda isə “məktəblilərin əməyə alışdırılması” siyasəti formal idi, əsas təhsil idi. İldə bir-iki həftə tütünə görə məktəbləri bağlayırdılar. Daha Azərbaycandakı kimi iki ay yox. Bir xalq öz işini sistemlə görürdü, xeyrini-şərini yaxşı bilirdi, o biri üzdə sovet romantikası ilə yaşayırdı, gerçəkdə sadəcə dolanışıq yolları ilə məşğul idi.
1987-ci ildə Universitetin ikinci kursunda oxuyarkən təhsil islahatlarının vacibliyi barədə məqalə yazdım. Redaksiyaları qapı-qapı gəzdim. Mətbuatın təhsil sistemindən daha bərbad olduğunu gördüm.
Xülasə, indi millət vəkili adını daşıyan alkademik Nizami Cəfərov o vaxt təhsil islahatının vacibliyi haqda yazının qarşısını alanlardan biri oldu. Çox idilər, hamısını sadalamıram.
Məmməd İsmayıl “Gənclik” jurnalını açdı, Məti Osmanoğlu bu yazının bir hissəsini dərc elətdirdi.
Fərq elədim ki, “Molodyoj Azərbaydjana” qəzeti azərbaycandilli qəzetlərin hamısından yaxşıdır. Orda çalışan Nazim Rəhimov elə ilk yazımı görən kimi heç bir süründürməçilik eləmədən əməkdaşlığa başladı. (Anası erməni olduğu üçün sonradan Bakıdan getməyə məcbur oldu).
Hə bir epizodu unutdum. BDU-nu jurnalistika fakültəsinə iş vermək üçün bütün sənədləri toplamışdım. O vaxt hardasa çap olunmuş məqalələr göstərmək şərt idi. Mən də naşılıq eləyib üstəlik Moskvada çıxan qəzetlərə göndərdiyim yazılara cavab olaraq gələn məktubları da göstərdim. O vaxt elə bilirdim ki, belə şeylər sənəd qəbulunu asanlaşdıracaq. (Heç siyasətdən başım çıxmırdı.) Dekan professor Tofiq Rüstəmov başladı sənədləri təzədən vərəqləməyə, axırda qaytarıb dedi ki, iş yerindən xasiyyətnaməni götürə bilmərik. Orda rum rəqəmi ilə Vlll.1986 yazılmışdı, sonra düzəldib Vll.1986 eləmişdilər. Yəni xəttin biri qalın düşmüşdü. Dedim ki, axı hələ avqust olmayıb. Texniki səhvdir saxtalaşdırma deyil. Dirəşdi ki, yox, biz bu sənədi qəbul edə bilmərik.
Məcbur olub qayıtdım fəhlə işlədiyim Armqiprozem institutuna. İrəvana. Vaxtım çox az qalmışdı. Gecə ilə sənədi düzəltdirə bilməsəydim, Bakıya vaxtında çatmayacaqdım. Axşam briqadirimizin qapısını döydüm. Vəziyyəti öyrəndi, şöbə müdirinin evinə apardı, ordan gedib kadrlar şöbəsinin müdirini götürdü, ordan gəlib institutun direktorunu gecə işə apardı, 16 mərtəbəli binada yerləşən bu nəhənglikdə idarənin rəisi bir azərbaycanlı fəhlə uşağa görə gecə işə qayıtdı, sənədi təzədən möhürlədi, başını buladı. Yəni məni bu xırda şeyə görə qaytaranlara münasibət olaraq.
Nə isə, yol maşınları ilə, rastıma çıxan istənilən nəqliyyat növü ilə yolu hissə-hissə gəldim. (Ermənistanda təsadüfi yol maşınları pul almırdılar.) Bakıya çatanda iş vaxtının bitməsinə yarım saat qalırdı. Jurnalistikaya qəbul sənədlərini götürənlər yerində deyildilər. Getdim hüquq fakültəsinə, dedim şahid durun ki, vaxtında gəlmişəm, sənəd götürənlər yerində olmayıb. Heç kəs şahid durmadı, məni qovdular.
Qayıdanda gördüm sənəd götürən yerindədir.
Xülasə, belə bir dövrdə iki həyat tərzi keçirən xalq toqquşmuşdu.
Ardı var.