Ədəbi tənqidçi Əsəd Cahangir yazır: “”Oskar” almaq üçünsə Allaha yox, Amerikaya inanmalısan.”
Və yazı-pozu əhli bəh-bəh deyir, “nə möhtəşəmdir”, bu yazı “dünya dillərinə tərcümə olunsun” deyir.
Mənə isə elə gəlir ki, Azərbaycanda ən çox istehsal olunan şey stereotiplərdir. Bizim ədiblər bu stetreotiplərin ən yaxşısını, ən maraqlısını, ən gözəlini istehsal edirlər. Başqa xalqlar dünyanı öyrənməyə sərmayə qoyurlar. Bizim media layihələrinin az qala hamısı dünya haqda stereotiplər yaratmaq üçündür. Dolayısı ilə, dünyanı öyrənməyə əngəl olmaq üçündür.
Məsələ nədir, səbəb nədir, məqsəd nədir?
Məsələ budur ki, amerikalıların özləri Amerikaya inanmırlar, avropalıların özləri bilmirlər ki, onların strategiyaları nədir, nə istəyirlər, nəyə üstünlük verirlər. Yəni Qərbdə birmənalılıq yoxdur. İdeyalar, maraqlar, planlar, strategiyalar yarışır, toqquşur, biri qalib çıxır, qalib çıxanı da dinc qoymurlar, əl çəkmirlər, qalib dediyini tam yeridə bilmir, bəlkə də heç yeridə bilmir. Məsələn, Trampın gəlişi kimi. Yaxud fransızlar nə istəyirlər? Avropada istənilən ekspertdən soruşsan gülüb keçər. Azərbaycanlı yazarlar isə bilirlər. Bilirlər ki, Avropa, Amerika islamofobdur. Onlar istəyirlər ki, azərbacanlılar, iranlılar öz allahlarını sevməsinlər, amerikalıları sevsinlər.
Azərbaycanlı (geniş götürsək, rus, türk) yazarlar niyə bu qədər ağıllıdırlar? Niyə dünyanın altını da bilirlər, üstünü də? Çünki siyasiləşiblər. Azərbaycanlı yazıçıların özlərini yazıqlığa vurub “biz siyasətə qarışmırıq” demələrinə baxmayın. Onlar düz siyasətin ortasındadırlar. Bilirlər ki, hakimiyyətin Qərblə problemləri var. Onların dəyərini qəbul eləmək hakimiyyətin maraqlarına uyğun deyil.
Hakimiyyət aydındır.
Bəs sənə nə düşüb, ay yazar?
(Daha qafiyəsini demirəm)
Bu, sadəcə yarınmağın bir formasıdır. Bax ay hakimiyyət, sənin düşmənini belə məhv elədim. Stereotip düzəldib buraxdım xalqın arasına. Xalq da yağlı plov kimi yedi. Alan razı, satan razı. Siyasiləşmə ortada.
Siyasiləşmədən qaçmaq üçün yazara bir şey lazımdır. O da onda yoxdur.
Qoyduğum 3 sualın ikisindən danışdım, biri qaldı. Səbəb nədir?
Səbəb odur ki, bizim yazarların çoxu gördüyünü yazıb göstərə bilmir. Ona görə, görmədiyini yazıb yaza bildiyini göstərmək istəyir.