Bu gün dünyanın az qala bütün böyük xəbər kanalları Filippin prezidentinin Obamaya söyüş söyməsindən, bu üzdən onlar arasında planlaşdırılan görüşün ləğv olunmasından danışır. Biz tərəflərdə xəbər senzuraya uğrayıb. Prezident Rodrigo Duterte Obamaya ünvanladığı çıxışında deyib: “You must be respectful. Do not just throw questions. Putang ina I will swear at you in that forum.”
O, ingiliscə danışsa da, arada filippincə “putang ina” ifadəsi işlədib ki, bunu da CNN, Reuters kimi nüfuzlu xəbər kanalları “son of bitch” yəni “qancıq oğlu” kimi, Britaniya mediası isə əsasən “son of whore”, yəni “qəhbə oğlu” kimi tərcümə eləyib yayıblar.
Bu öz yerində. Məni maraq götürdü ki, görək, Qərbin bizim region üçün yaratdığı surroqat media bu xəbəri necə çatdırır.
BBC Azərbaycanca:
“Filippin prezidenti Obama barədə “çox pis ana söyüşü” işlədib”. (Mətndə xəbər çatdırılıb).
Azadlıq radiosunun Qafqaz və Orta Asiya yayımlarına baxdım (erməni və gürcücə bilmədiyim üçün ikisinin üstündən keçirəm), heç biri Filippin xəbərini verməyib.
Bu yerdə kiçik bir şərhə ehtiyac görürəm.
Obama haqda xəbərin senzuraya uğraması, məncə, amerikalılardan gəlmir. Səbəbi bir az bizə yaxın tərəflərdə axtarmaq lazımdı.
Amerikanın şərqli üçün müasir tipli xəbər mediası açması asan məsələdir. Ən çətini şərqlinin müasir tipli xəbər redaktoru olmasıdır.
Azadlıq radiosundakı 30-a yaxın redaksiyanın az qala yarısının, əsasən Şərqə yayım yayanların xəbər siyasətini uzun illər Abbas Djavadi müəyyən edib. Redaktorluğu senzuradan ayıra bilmir. Xəbər buraxılışlarında xəbərləri seçib düzmək üçün qəribə kriteriyası vardı. Məsəl üçün, 10 xəbərdən hansında BMT-nin adı çəkilirsə, bu xəbər “mühümdür”, birinci getməlidir, əgər BMT yoxdursa, hansısa ölkənin prezidetinin adı keçirsə, bu xəbər başda getməlidir. Əgər BMT və prezident sözləri yoxdursa deməli, önəmli xəbər hansısa nazirin adının keçdiyi xəbərdir. Məsəl üçün, Aralıq dənizində bir gəminin batması xəbəri, tutaq ki, Ziya Məmmədovun bir yolun açılışına hazırlaşması xəbərindən sonra gəlməlidir. Özü də mütləq vəzifəlilərin adının qabağında “cənab” sözü deməlisən. Sadəcə Ziya Məmmədov deyə bilməzsən. Məsələn, ingilis, rus, verilişində sadəcə İsus deyə bilər, ancaq onun başçılıq elədiyi redaksiyalarda tələb qoyulur ki, “Həzrəti Isa” deyilsin. 30 il amerikalılarla işləməyinə baxmayın, belədir.
İerarxiyaya belə bağlılıq, görünür, yapı məsələsidir: atası İran şahının zabiti olub.
Dediyim odur ki, səbəbləri yaxında axtarın, normal media qurmaq üçün də uzağa getməyin. Hə bir də jurnalist heç kəsin mühafizəçisi deyil, Obama bilər, Duterte bilər.