Böyük Britaniyanın keçmiş Baş naziri Toni Blerin İraq müharibəsi qabağı kəşfiyyat məlumatlarını saxtalaşdırması təzə üzə çıxan iddia deyil. İraq müharibəsindən bir neçə ay qabaq hazırlanan “Sentyabr dosyesi” yayılan gündən Qərbin ciddi mediası onu şübhəylə qarşıladı. İngilis dilində qarışdırdı, saxtalaşdırdı, bəzəyib-düzədi mənası verən yeni slənq – “sexed up” peyda oldu və Toni Blerə aid edildi.
Bler hökumətinin birləşmiş kəşfiyyat qurumlarına əsaslanaraq hazırladığı bu məruzə İraqa qoşun yeridilməsinin vacibliyini əsaslandırırdı. İddia eləyirdi ki, Səddam Hüseyndə kütləvi qırğın silahları var və 45 dəqiqənin içində onu işə sala bilər. Kəşfiyyat məlumatlarının şişirdilməsi və saxltalaşdırılması çoxlu qalmaqallara səbəb oldu. Müdafiə nazirliyinin əməkdaşı Devid Kelli məsələni mediaya açıqlayandan sonra 2003-cü ildə intihar elədi, bəlkə də öldürüldü, BBC-nin hərbi müxbiri Endryu Gilliqan məsələni açıb-ağartdığına görə siyasətçilər onu gözümçıxdıya saldılar. Yaxşı ki, BBC əməkdaşının arxasında durdu. (Təsəvvür eləyin, Azərbaycan TV-lərindən birinin müxbiri hökumətin qələtinin üstünü açır, TV rəhbərliyi onun gözünü çıxarmır, başını sığallayır.) Mətləbdən uzaqlaşmayaq, sözü mediaya gətirək. Mən Qərbin ana axın (Reuters, BBC və sair) mediasının iş prinsiplərini düzgün sayıram, ancaq bütövlükdə Qərb mediası bircins deyil, obyektivlik prinsiplərini, peşə standartlarını heç də hamısı qəbul eləmir.
Toni Blerin “sex up” elədiyi dosyedə mənbələrin xeylisi şübhəli sayılırdı. Bəzən “kəşfiyyat mənbələri” ifadəsi ilə onun yoxlanmasını mümkünsüz edirdilər. Belə bir vaxtda xəbər mediasının hökumətin iddialarını fakt kimi qələmə verməsi yolverilməz sayılır. Xüsusən də əgər bu iddialar milyonların taleyini məhv edəcək müharibəyə başlamağa hesablanıbsa.
Ancaq sən saydığını say. İstər Qərb olsun, istər Şərq – tula redaktorlar hər yerdə var. Və onlar işi bacarmasalar da, karyera yolunda irəliləmək bicliyini hamıdan yaxşı bilirlər.
Onlar dosye çıxan günün səhəri bir şüvən qopardılar ki.
Böyük Britaniyanın ən tirajlı qəzeti “The Sun” belə bir manşetlə çıxmışdı: “Britaniyalıların məşhərinə 45 dəqiqə qalır”. Qəzet həmçinin müharibəyə qoşulmayan Fransa prezidenti Jak Şirakı cəzalandırmaq üçün fransızca xüsusi nömrə hazırlayıb Parisdə yaydı. Manşet belə idi: “Şirak soxulcandır”. “Daily Star” Ondan geri qalmırdı: “Dəli Səddam hücuma hazırdır və kimyəvi müharibənin başlanmasına 45 dəqiqə qalır”.
Bu 45 dəqiqə də maraqlı məsələdir. Dosye yayımlanandan sonraToni Blerə qarşı əsas şübhə bu idi ki, o, kəşfiyyatın məlumatlarına əl gəzdirib, yəni “sexed up eləyib”. Səddamın kimyəvi silah və nüvə silahı imkanları haqda cümlələri düzüb-qoşub. Sonrakı istintaq zamanı aydın olmuşdu ki, Səddamın 45 dəqiqənin içində kütləvi qırğın silahlarını işə sala bilməsi məlumatını hansısa iordaniyalı və ya iraqlı taksi srücüsünün yanında kimsə deyibmiş.
Müharibə qərarını siyasətçilər verirlər, cinayətdirsə, cəzasını onlar çəkməlidirlər, problemin həllini düz tapıblarsa, alqış onlara gedəcək. Bax bu redaktorlara nə düşüb?
Ümumiyyətlə, jurnalist nəyi dəqiqləşdirə bilmirsə, nəyi görməyibsə, ən yaxşısı, yaxasını qırağa çəkməsidir. Mən hadisəni işıqlandırmaqdan qaçmasını nəzərdə tutmuram. Anlamıram ki, niyə redaktorların xeylisi “baş nazirin iddiasına görə” tipli ifadələrə əl atıb özlərini bu cür zir-zbildən, cinayətə şəriklikdən sığortalamırlar. Axı bu tamamilə peşə qaydalarına, jurnalistin haqlarına uyğundur.
Dediyim təkcə Qərbin bulvar qəzetlərinə aid deyil. İldə bir-iki dəfə Bakıda oluram. TV-lərdə aparıcıların başlarından yekə iddiaların altına girmələri məni mat qoyur. Tutalım, bir dövlət məmurunu qızğınlıqla müdafiə edirlər, sanki gecə-gündüz onu güdürlər, onun bütün elədiklərinin düz olduğuna qarantdırlar. Bəs sabah bu məmurun oğurluğu aşkarlansa, yaxud 2800 zibili üzə çıxsa, məsuliyyəti siz də bölməli deyilsinizmi? Başqa bir misal. Dini mövzuda bir veriliş zamanı elə danışırlar ki, sanki, Cəbrayılla Məhəmməd ibn Abdulla qarşılaşanda yanında imişlər, öz gözləri ilə görüblər. Yəni “nazir iddia edir ki, təmizdir”, “müsəlmanların inamına görə filan olub” kimi ifadələri qətiyyən işlətməzlər. Mənim üçün fərqi yoxdur, redaktor Toni Blerə tulalıq eləyir, ya da din biznesindən qazanc götürənlərə. Peşə prinsipləri heç bir halda dəyişdirilməməlidir. Bunu niyə deyirəm? Çünki Qərb və Şərq redaktorlarının savaşı kimi görsənən yazılar mütləq bu ikisindən birinə aid olur. Yəni guya onlar öz aralarında savaşırlar. Ancaq bir medalın iki üzüdürlər.