20 ildir Praqada yaşayan Rövşən Əliyev Çexiya həyatını və Azadlıq Radiosunu təhlil edir
“Nəyin dövlətçiliyə uyğun olub-olmadığını nə media müəyyənləşdirir, nə də beş-üç nəfər”
Praqa səfəri davam edir. Çexiyaya gəlib, uzun illərdir buranı özünə məskən tutan tanınmış jurnalist, AzadlıqRadiosunun keçmiş əməkdaşı Rövşən Əliyevlə görüşüb danışmamaq bağışlanmaz səhvdir. Çünki o, artıq Praqanın, Çexiyanın, çexlərin, necə deyərlər, “cikinə-bikinə” hamıdan yaxşı bələddir. Onun gözü ilə çex dünyasına nəzər salmaq pis olmaz. Odur ki, qarlı bir yanvar axşamı həmkarımızla görüşür və danışmağa başlamaq istəyirik ki… Dərhal ilginc bir giriş verir söhbətimizə…
-Sevinc xanım, siz sual verməmiş bir şey deyim. Müsahibə üçün çox uyğun adam deyiləm. Ancaq əliboş qaytarmaq da istəməzdim, şərtimiz belə olsun ki, özüm haqda və ya diasporanın xaricdə nə işlər gördüyü haqda danışmayacam. Çünki öz həyatımı oxucu üçün, diaspora həyatını da özüm üçün maraqlı saymıram. İndi bir az əllərinə pul keçmişdi, istəyirdilər ki, xaricdə iş görsənişi yaratsınlar – o qədər.
– Buyurun, necə istəyirsiniz, israr etməyəcəm. Mən Çexiyada əcnəbilərə münasibət haqda soruşmaq istəyirdim. Bir çox ölkələrdə son dövrlərin qaçqın dalğası, terror aktları ilə bağlı əcnəbilərə, xüsusən də müsəlmanlara münasibət dəyişib. Çexiyada necədir?
– Çexiya plüralist toplumdur. Bütün məsələlər kimi əcnəbilərə münasibətdə də fikir ayrılıqları var. Bu da normal müzakirə olunur. Emosiyalar da olur, toqquşmalar da. Ancaq qanun deyilən bir gözətçi həmişə var. Bunun ənənəsi var. Dissidentlər kommunistləri devirdilər, ancaq hegemon bir ideologiyanın hakimiyyətinə can atmadılar. Öz prinsiplərinə sadiq qalaraq fikir azadlığına, plüralizmə təminat verən bir sistem qurub geri çəkildilər. Qaçqınlara münasibət də bu sistemin verdiyi imkanlar çərçivəsində müzakirə olunur. Keçən ay Praqanın əsas meydanında- Vaslav meydanının yuxarı tərəfində immiqrantlara qarşı olanlar mitinqə çıxmışdılar, aşağı tərəfində ksenofobiya əleyhinə mitinq keçirilirdi.
– Maraqlıdır. Bəs toqquşma olmadı?
-Təhlükəsizlik qüvvələri hansısa fikrin toqquşmasının yox, fikrə görə adamların toqquşmasının qarşısını almaq üçündür. O mitinqləri izləyən polislərin vecinə deyildi kim nə danışır. Əsas odur ki, adamlar toqquşmasınlar. Təbii sonradan səsləndirilən fikirlərə görə kimlərsə iddia qaldıra bilər. Məhkəmə həmin iddiaya baxa bilər.
– Bəs dövlət səviyyəsində immiqrantlara münasibət necədir?
-Fikir ayrılıqları bütün toplum kimi siyasətçiləri də əhatə eləyib. Məsələn, Çexiyanın prezidenti Miloş Zeman ksenofob sayılır. Ondan əvvəlki prezident Vaslav Klaus da həmçinin. Hətta Klaus bir təşəbbüs başlatdı. Açıq-aşkar bildirdi ki, müsəlman ölkələrindən gələn qaçqınlara Çexiyada sığınacaq verilməməlidir. O iddia eləyir ki, bu mədəniyyətlər bir araya sığmazdır. Klaus Çexiyanın immiqrantların üzünə bağlanması üçün petisiya imzalamaq üçün sayt yaratdı. Onun səsinə səs verənlər də oldu. Ancaq ümumi reaksiya neqativ idi. Tələbədən tutmuş professorlaracan, çox maraqlı təpkilər oldu. Bir proqramist tələbə çıxış eləyib bildirdi ki, o saytda imzaları saxtalaşdırmaq, bir neçə dəqiqəyə minlərlə saxta imza yığmaq üçün proqram test edib və sayt etibarlı deyil. Ölkənin tanınmış elm adamları dərhal Klausun təşəbbüsünə qarşı bir bəyanat verdilər və sayt yaradıb ksenofobiyaya qarşı imzatoplama kampaniyası keçirdilər.
Həmin təşəbbüs daha effektli, daha əhatəli oldu. Həm indiki, həm keçmiş prezidentin fikirlərini alimlərin çoxu rədd elədi. Bildirdilər ki, sovetlər 1968-ci ildə Çexiyaya qoşun yeridəndə də çexlərə kimlərsə sığınacaq verib. Ona görə, empatiya qurmaq lazımdı. Çexiya hökumətində də immiqrantlara qarşı ikili fikirlər var. Ancaq dövlət siyasətini nə bir şəxs müəyyən edir, nə də bir kabinet. Dövlətin marağına nə uyğundur? Bu, sualın cavabı mübahisəli də ola bilər, ümumiyyətlə olmaya da bilər. Heç kəs bilməz ki, dövlət üçün hansı variant yaxşıymış. O bizim ölkənin xəbər mediasıdır ki, ona fikir atırlar: filan şey dövlətçiliyə uyğundur, filan şey yox. O da tutuquşu kimi təkrarlayır. Normal, mədəni ölkələrdə elə şey yoxdur. Hər bir məsələnin maraqlara uyğun olub-olmaması çoxmərhələli müzakirələrdən keçir, toplumun bu müzakirələrdə birbaşa və ya seçdiyi adamlar vasitəsilə iştirakı olur. Ancaq yenə də hökumət hansısa qərarı sırf dövlət marağı kimi topluma sırıya bilmir. Konstitusiya məhkəməsi var, bəşəri dəyərlər var ki, ziyalılar onu detalları ilə, toplum isə ümumi şəkildə bilir. Yəni məşhur çex siyasətçiləri belə, prezident belə “sərhədləri qapayaq, bu dövlət marağına uyğundur” deyib bunu bir norma kimi qəbul elətdirə bilməz. Nəyin dövlətçiliyə uyğun olduğunu, nəyin olmadığını nə media müəyyənləşdirir, nə də beş-üç nəfər.
– Bəs immiqrantlar niyə daha çox Almaniya, Hollandiya, İsveç kimi ölkələrə üz tuturlar, Çexiyada yaşamaq istəyən çox deyil. Bəlkə hökumət onları yaşayış minimumu ilə təmin etmədiyinə görə?
– Düzdür, burda immiqrantlara verilən sosial yardım da çox azdır, onlar bura az maraq göstərirlər. Ancaq bu, ayrıseçkiliklə bağlı deyil. Çexiya Almaniya kimi imkanlı ölkə deyil. Buranın özündə əməkhaqqı oradan çox aşağıdır. Özlərinin kasıb təbəqəsi üçün sosial proqramları zəifdir. Çexiyada pensiya sistemi adamların özlərinin sosial ayırmaları hesabına formalaşır. Dövlət büdcəsindən körpə uşaqlar üçün cüzi pul ayrılır. İşsizlik pulu da çox sıx şərtlərlə qısa müddətə verilir.
– Bəs Azərbaycandan Çexiyaya immiqrasiya varmı?
-Azərbaycandan bura əsasən tələbələr oxumağa gəlirlər. Bir də bəzi adamlar iş qurmağa gəlir. Güclü axın, maraq yoxdur.
– Siz neçə ildi burdasınız?
– 20 ildi.
– Nə çox… O vaxt SSRİ hələ təzə dağılmışdı, sərhədlər təzə açılmışdı, yəqin axın çox olardı.
– Rusiyadan, Ukraynadan müəyyən axın var idi. Ancaq azərbaycanlılar, demək olar ki, yox idi. Məndən qabaq gəlmiş 2-3 nəfəri tanıyırdım.
– Bəs siz bura gələndə hansısa çətinliklər oldumu? Yerləşmə, adaptasiya, sənədlərlə bağlı.
– Mən bura mühacir kimi gəlməmişdim. AzadlıqRadiosuna işləməyə gəlmişdim. Ona görə, sənədlərimi ordan düzəltdilər. Bəlkə də başqa cür gələnlərə çətin olub – bilmirəm.
– Bəs indi mühacir deyilsiniz?
– Xeyr, mən bura işləməyə gəlmişəm, işdən gedəndən sonra da ona görə qayıtmadım ki, uşaqların təhsili yarımçıq qalmasın. Başqa səbəb yoxdur.
– Bəs vətəndaşlıq almayıbsınız?
-Almamışam. İşləyəndə Amerikadan qrin-kart almaq istəməmişəm, burda 10 il yaşayandan sonra vətəndaşlıq ala bilərdim, almamışam.
-Yəni vətənə qayıtmaq istəyirsiniz.
-Ola bilər, qayıdam.
-Jurnalistikaya qayıtmaq fikriniz varmı?
-Azərbaycanda peşəkar çalışmaq üçün şəraiti olan xəbər mediası, demək olar ki, yoxdur. Ümumiyyətlə, azərbaycandilli xəbər mediası aşağı-yuxarı, hər yerdə eynidir.
-Bəs işdən niyə getdiniz? Sizi işdən çıxardılar, yoxsa özünüz çıxdınız?
-Demişdim, özümdən danışmayacam, ancaq bir halda ki, söz gəlib bura çıxdı, deyim. İşlər buna doğru gedirdi. Yəni görürdüm ki, daha qalıb işləmək mümkün deyil. Radioda çalışdığım ilk illərdə də görürdüm ki, burda peşəkar veriliş hazırlamağa şərait yoxdur, ancaq dil öyrənmək, dünya mediasına çıxış, dünya təcrübəsini öyrənmək kimi üstünlüklər cəlbedici idi. 2003-cü ildə Azərbaycan xidmətinin rəhbərini dəyişdilər. Yeni rəhbərdə belə bir təsəvvür var idi ki, mən veriliş hazırlaya bilmirəm, ona görə indiyəcən öz verilişim olmayıb. Çox güman ki, buna görə, mənə dedi ki, özün ortaya bir veriliş konsepsiyası qoyub o verilişi də aparmalısan. Mən “Rəngli səslər” verilişinin konsepsiyasını tezcə yazıb ona göstərdim. Nə isə razılaşdı. Tez bir zamanda monoton bir radioya alışmış dinləyicilər “Rəngli səslər” eşitməyə başladılar. Sivil toplumun qarşısına çıxan problemlərdən hər biri hər həftə həyati faktları göstərməklə, baza hazırlığı ilə, birisi xaricdən olmaqla, bilicilərin iştirakı ilə müzakirə olunmağa başladı. Verilişi hazırlaya bilməyəcəyimi düşünən iranlı menecer yollar axtarırdı ki, onun qarşısını necə alsın, hansı işçiləri verilişə qarşı qaldırsın. Həmkarlarımı sağ olsunlar. Heç birini üstümə qısqırda bilmədi.
– Bəs sonra?
– Sonra bir verilişdə selektiv abort problemini qaldırmışdıq. Qız uşaqlarının hələ doğulmadan ayrı-seçkiliklə üzləşməsindən danışmışdıq. Verilişi hazırlayandan qabaq xeyli iş görmüşdük. Müxbir göndərmişdim Bakıda poliklinikalarda UZİ növbəsinə duran gəlinləri, qaynanaları dindirmişdi. Həkimlərdən müsahibələr almışdı. “Yeddi oğul istərəm, bircə dənə qız, gəlin” adlı sənədli filmi çəkənlər Praqada idilər, onları studiyaya dəvət eləmişdim. Həmin film selektiv abortla bağlı idi. O vaxtlar redaksiyanın direktoru işləyən Abbas Cavadi və qeyri-formal ona kömək eləyən, ancaq hələ nə müavin, nə də başqa bir vəzifəsi olan Kənan Kazımoğlu üzümə durdular ki, belə bir problem yoxdur. Belə verilişi efirə vermək olmaz. Bir sözlə, verilişim bağlandı.
Gördüm ki, o radiodakı idarəçilik forması da, həqiqətin bərpasına imkan vermir. O vaxtlar həmin iranlı direktor Azərbaycan hakimiyyəti ilə danışıqlar aparıb sutkalıq FM almışdı. Guya, verilişlərin ağırlığı Bakıya keçməli idi. Ona görə, redaksiyanı yarıbayarı ixtisar elədilər. Yəni göstərməçilik olan yerdə, peşəkarlıq əvəzinə siyasət olan yerdə mən yoxam. İşdən getmək mənim başıma gələn deyil. Öz istədiyimdir. İxtisar olmasaydı da mən o prinsiplərlə işləməzdim. FM-ə görə, faktları, xəbərləri gizlətmək tələblərinə əməl eləməzdim.
– Və indi radio ilə heç bir əlaqələriniz yoxdur?
-Bir dəfə kiçik bir yazı göndərmişdim ki, dərc edə bilirsiniz – edin. Direktor əvəzi İlkin Məmmədli yazdı ki, “…Azadliq Radiosunun əleyhinə təbliğat aparmış “qardaşın belə olsa kimsənin” heç bir yazısını yaymamağa özən göstəririk. Yəni bu prinsiplə işləyən redaktor nə haqla AzTV-ni, Şimali Koreyanı tənqid eləməlidir? İkincisi, mən ömrüm boyu heç bir təbliğat kampaniyasına qoşulmamışam. Ümumiyyətlə təbliğat ömrüm boyu görmədiyim bir işdir. Yazdıqlarımın hamısı bloqumda və Facebook səhifəmdədir. Kimin fikri var – buyursun əks arqumentlər qoysun. Bu fikirlərə, bu yazılara görə mənə yayım qadağası qoymaq nədir?
Sevinc TELMANQIZI
Praqa, Çexiya
Yeni Müsavat qəzeti, 9 yanvar, 2016.
Yeni Müsavat qəzeti, 9 yanvar, 2016.