Ağıl lazımlı şeydi. Alimə də lazımdı, çobana da. Çobana ona görə lazımdı ki, qoyunu ağıla qatıb ağzını bağlasın. Bu ağıla bəzi bölgələrdə çax-çax da deyilir. Hər iki halda qoyunların qatıldığı çəpərlənmiş yerdir. Alimə də ona görə ağıl lazımdı ki, azad fikir meydanı ilə çax-çaxı qarışdırmasın.
90-cı illərin əvvəllərində “Insanlara hürriyyət, millətlərə-istiqlal” şüarı təzə-təzə reabilitasiya olunanda “Çeşmə”qəzeti belə bir variant da ortaya atmışdı: “Insanlara hürriyyət, millətlərə istiqlal, müxalifətə – ağıl”.
Keçən il də ana müxalifət ilk böyük mitinqinin tribunasına yekə-yekə “Insanlara hürriyyət, millətlərə – istiqlal” yazanda Çeşmənin yeri göründü: axı siz kimə istiqlal tələb eləyirsiniz, alahın Şərqi Timoru, Çernoqoriyası, hətta Kosovosu da istiqlala qovuşub. Yoxsa Dağlıq Qarabağa istiqlal istəyirsiniz?
Bir uzun siyahı tutub adı it dəftərində olanların hamısını sıraya düzürsən ki, birləşmişik, Milli Şura yaratmışıq. Sonra da başlayırsan platforma axtarmağa. Ən yaxında əl altda olan biri deyir ki, bəs deməzsənmi, İranda bir kəllə olub. Ya Əfqani idi, ya Şəriəti. Hə o, Hz. Filankəsin filan sitatını Qərb elminin qabağına diyirlətmişdi. Platformanı adamlar qanmır, gəlin o sitatdan faydalanaq.
Nə isə. Topalaşmaqla iş aşsaydı, biz birinci sinifdə oxuyanda peşəkar futbolçu olardıq.
Başa düşürəm, Azərbacyanda avtoritar rejimdir, repressiv tədbirlər olan yerdə çalışmaq asan deyil. Elə bircə Azərbaycandamı mübarizə çətindi? Yox, Aropanın göbəyində ondan da çətin idi. AzTV, Акпер Гасанов və sair qımışır deyəsən. Bir az səbriniz olsun. Miloşeviç zamanında tiranlıqla mübarizə demək olar ki, mümkün deyildi. Adamlar çınqırlarını çıxara bilmirdilər. Nəinki toplaşıb mitinq eləmək.
Bu yerdə ağıl köməyə gəldi. Otpor təşkilatının strateqi gənc Srdya Popoviç bir hinduşkanın başına gül bağlayıb Belqrad küçələrinə buraxdı. 14 il qabağın söhbətini deyirəm. Adamların yadına düşdü ki, bu, Miloşeviçin arvadının həmişə saçına keçirdiyi güldəndir. Hinduşka ətrafında diskussiyalar qızışdı. Artıq rejimin ciddi obrazı lağ obyektinə çevrilmişdi. Polis hinduşkaları qovub tutmağa başlayanda heyvan haqları fəalları tinlərdən çıxıb mübahisələrə başladılar. Qılıncının dalı da, qabağı da kəsən rejim qulluqçuları pis vəziyyətdə qaldılar. Hinduşkanı tutmaq əmrini yerinə yetirmək də gülünc nəticə verirdi, yetirməmək də.
Sonrasını bilirsiniz. Sizə ağıl öyrədən deyiləm ki. Ancaq öz aramızdı, müxalifətə stadion boyda ağıl vermək Miloşeviçin ağlına gəlməmişdi.
(Bu yazıdan hər hansı cümlə və ya parçanı ayrıca hardasa yaymağı qadağan edirəm. Bütöv olar.)
Miloşeviçin devrilməsi haqda bu sentimental hekayəni haradan oxumusuz? Miloşeviçin devrilməsi üçün ABŞ hətta Belqradı bombalayıb. Düzdür bombalanma vaxtı devrilmədi, amma bunun həlledici rolu oldu. Miloşeviç keçmiş Yuqoslaviya respublikaları üzərində Serbiyanın metropoliyasını bərqərar etməyə çalışırdı. Eyni vaxta 3 respublikaya müharibə elan etmişdi və hər üçünü uduzmuşdu, çünki ABŞ həmin respublikalara açıq dəstək vermişdi, serb ordusunun ruhunu sarsıtmışdı.
Mustafa bəy, “Məhsul” stadionundakı eyni ssenarili, eyni nəticəli “mübarəzə”yə əmək sərf eləyənlərin əməyini yerə vurduğuma görə üzr istəyirəm.
Fakta “sentimental hekayə” deyərkən tələsibziniz. Hardasa 2-3 dəqiqə. İnternetdə Srdya Popoviçə və orijinal mübarizə üsullarına aid nələrsə tapmaq üçün 2-3 dəqiqə bəs edir. Oxumağa da bir-iki saat.