Amerikalı Vahan Canciqyanın pulla satdığı proqnozu mən müftə verdim – Azərbaycanda götürən olmadı
Şərqlilər qərblilərdən çox çalışırlar. Qazanmaq üçün özlərini oda-közə vururlar. Qoçaqdırlar. Biznesdə uğurları var. Qazanırlar da. Ancaq qərblilərin arxayın, rahat qazandıqları milyardların yanında onların qazandıqları heç nədir.
Bunun mürəkkəb bir səbəbi yoxdur. Komplo teorilərinə qaçmayın. Liberal iqtisadiyyatdır. Dünyada istənilən iri birja istənilən ölkədən olan sərmayəçinin üzünə açıqdır. Səhm birjası da, bond da, fond da, foreks də. Tam bərabər. Heç bir ayrı-seçkilik yoxdu. Bəs onda niyə qərblilər daha çox qazanırlar?
Dövlətin gücünü qoyaq bir qırağa. (Əksinə, güclü dövlətdə vergi çox olur və yayına bilmirsən) Bu gün istənilən ölkənin vətəndaşı iri Qərb ölkəsindəki birjaya girib sərmayə yatıra bilər. Hətta evdə otura-otura.
Bəs qərbli şərqlidən niyə qabaqdadı?
Bir xəbərə göz gəzdirək. Amerika səmayəçiləri bu ilin birinci yarısında Avropaya 65 milyard dollar sərmayə qoyublar. Rekord həcmdə. Goldman Sachsın araşdırmasıdır. Bu günkü xəbərdir. Deməli, Amerikalılar azı ilin əvvəlindən bilirdilər ki, Avropada böhran bitir. Bəs niyə biz bu gün xəbər tuturuq?
Bir ildi FB-da yazıram ki, böhranın sonudur, sərmayə qoymaq vaxtıdır. Bir də belə qiymətlər heç vaxt ələ keçməyəcək. Reaksiya verən olmadı, hardan bildiymi soruşan olmadı.
Şərqlilər informasiyaları, təhlilləri yox, bir-birlərini güdürlər. Qiymətlər pik dövrünə çatanda biz tərəfə hay düşəcək.
Son bir ildə Azərbaycanın hansı telekanalı, hansı iri mediası Avropada böhranın sona çatmasına heç olmasa eyham vurub?

Mənim FB profilimi açıb keçən il dekabrın 9-da yazdığımı tapıb oxusanız, indi demək stədiyim fikir daha aydın anlaşılacaq.
O vaxt yazmışdım ki, iqtisadiyyat bilicilərimiz Dubayda əmlak bazarının çiçəkləndiyini prezidentə deyəndən bir neçə ay sonra Dubay defolt oldu. Əgər indi həmin bilici Amaniyada iqtisadi böhran olduğunu deyirsə, bilin ki, Almaniya böhrandan çıxıb.
Əlavə eləmişdim ki, Almaniyada əmlaka sərmayə qoymaq vaxtıdır. İndi bank reportları ölkənin müxtəlif yerlərində əmlakın qiymətinin bu il 5 faizdən 20 faizə qədər qalxdığını göstərir. Ancaq qiymətlər hələ də əladır. Gec deyil.
Və qiymətin pik dövründə səhm alan və ya əmlaka sərmayə yatıran şərqli təbii ki, vaxtında ən sərfəli qiymətə alan qərblidən az qazanacaq, bəlkə də zərərə düşəcək.
Niyə zərərə düşəcək? Xəbərə dəyər vermədiyinə görə. Jurnalistikanı üçüncü sort peşə saydığına görə. Reket, ələbəxan, ləbbehdeyən gördüyünə görə. Peşəkar xəbər mediası olmadığına görə. Bu işə gərəkli sərmayə qoyulmadığına görə. Bu işin peşəkarlarına etibar edilmədiyinə görə.
Peşəkar xəbər mediası sərfəlidir. Hamı üçün sərfəlidir. Ancaq zərərə düşürük, yaratmaq istəmirik. İndustrial medianı. Peşəkar medianı.
Medianın bir növü də var ki, onu azərbaycanlılar yerli-dibli görməyiblər. Nyuzletterlər.
Məsəl üçün, mən keçən il FB-da net bir formada verdiyim proqnoza bənzər şeyləri daha yayğın formada yazan Amerikalı Vahan Canciqyan bunu nyuzletter edib sərmayəçilərə satır. Aylıq nyuzletterini 24 dollar 95 sentə. Canciqyanın abunəçilərinin sayını bilmirəm, ancaq on minlərlə olmasına şübhəm yoxdur.
Bəlkə biləsiniz: Azərbaycan kimi varlı bir ölkədə sərmayəçiyə potensial olaraq pul qazandıra bilən təhlillərə neçə nəfər abunəçi olmaq istəyər?
İndi gördünüz, niyə çox özünü oda-közə vuran, çox çalışan şərqlilərdir, ancaq çox qazanan qərblilər?
FB-dakı 1400-ə yaxın dostumun çoxu yəqin bu yazdıqlarımı görüb. Ancaq sosial media başqa, industrial media başqa. İndustrial mediamız yararsız vəziyyətdə.
Deməyin ki, dünyada iqtisadi prosesləri izləyə bilən mütxəssislərimiz yoxdu. Deməyin ki, jurnalistikadan başı çıxanlarımız yoxdu. Mən 10-dan artıq peşəkarın adını çəkə biərəm. Ancaq bu cür media bolluğunda onların meydanı yoxdu.
(Saytlarımız bu yazını götürə bilərlər, bir şərtlə ki, linklər də daxil olmaqla tam versinlər.)