Ağacların kəsilməsi, bibər qazı, alkoqol içib-içməmək, sekulyarlıq, dinçilik…
Bunlar hamının danışdıqlarıdı. Demirəm ki, yalandı. Ancaq emosionaldı. Danışılmayan bir şeylərin də olması mümkündü.
Türkiyə mediasında rasional, praqmatik, merkantil maraqlar baxımından bu proseslərin təhlili gözə dəymir. Ərdoğan iri qəzet və TV-ləri kürəkəninin və yaxınlarının əlinə keçirməklə , onu yandaş mediaya çevirməklə, ələ keçirə bilmədiyinə divan tutmaqla müzakirələrin ağırlığını sosial mediaya – daha qeyri-peşəkar və daha emosional müstəviyə keçirdi.
Normalda xəbər mediası ihalələrin (tenderlərin), yeni projelərin iqtisadi, ekoloji, demoqrafik tərəflərini işıqlandırmalı idi. Diskussiyalar bu müstəvidə getməli idi.
İstanbulda hansı iqtisadi proseslər gedir, nə pullar fırlanır? Bəlkə bir az da bundan danışaq?
Istanbul sürətlə böyüyür. Sayın Çilər hökuməti vaxtı 3-cü körpünün salınması planını “cinayət” adlandıran sayın Ərdoğan indi o planı gerçəkləşdirmək üçün böyük bir kütlə ilə sözün birbaşa mənasında savaşır.
2.5 milyon ağacın kəsilməsi hesabına tikiləcək körpü layihəsini AKP hökuməti arxitektura idarəsi ilə razılaşdırmadan birbaşa parlamentdən keçirdi.
Taksim meydanını yenidən qurur. Taksimin kölgəsində qalan bir iri layihə də var. Tarlabaşı projesi. Köhnə məhəllələrin ərazisini ələ keçirib onun yendənqurulmasını özəl firmaya vermək üçün Ərdoğan hökuməti bir xeyli hüquqi hiylələrə də əl atdı, axırda istəyinə çatdı. Söhbət İstanbulun mərkəzində 278 binanın sökülüb yerinə yeni binalar tikilməsindən gedir. Əski sahiblərə bu projedə əmlak hüququnun heç yarısı da verilmir. Ancaq bu məsələ çox səs-küyə səbəb olmadı.
Ərdoğanın kürəkəni Berat Albayrakın rəhbərlik elədiyi Çalık Holdinq İstanbulun yenidən qurulmasının əsas kontraktorlarındandı. (ATV və Sabah kimi iri xəbər mediasını da Albayrak hökumət banklarının köməyi ilə holdinqin nəzarətinə keçib).
O biri tərəfdə 29 milyard dollarlıq hava limanı layihəsi.
İstanbulda alış-veriş mərkəzlərinin çoxluğunu səbəb göstərən hökumət 11 AVM-i bağlayıb. Buna baxmayaraq Ərdoğanın Taksimdə yeni AVM tikdirmək planından geri çəkilməməsi də azad rəqabətə müdaxilə və korrupsiya barədə xeyli şübhələr yaradır.
Onillər boyu Türkiyə biznesinin sütunları olmuş şirkətlər Ərdoğan gələndən sonra cırtdana çevrilməyə başadılar. Kiler Holdinq kimi AKP yanlıları şişdilər. Sabançı kimi ənənəvi biznes ailələri yox, Kazançı kimi AKP-yə yaxınlar biznesdə önə çıxdılar. AKP hökuməti ilə açıq toqquşan Aydın Doğan isə ən çox zərər çəkən və ən ağır cərimələrlə üzləşən iş adamı oldu.
İstanbudakı dəyişikliklərin iqtisadi maraqlardan savayı bir də demoqrafik tərəfi görsənir.
Şəhərin yeni sakinləri əsasən şərqi Anadoludan – ölkənin daha konservativ bölgələrindən gələnlərdir ki, bunun da ölkənin ən iri şəhərinin demoqrafik baxımdan AKP-nin xeyrinə dəyişdiyini deyənlər var.
Onar daha konservativdilər və AKP-nin ruhuna daha yaxındılar.
Ölkə şəhərlərinin yenidən qurulmasına qarşıdakı 20 il üçün 400 milyard dollara yaxın büdcə ayrılıb.
Dövlət sifarişlərini bir qayda olaraq AKP-yə yaxınların qazanması fonunda Türkiyədəki indiki toqquşmaların çoxları üçün boş bir şey olmaması görünür.
Götür-qoy ediləsi mövzular çoxdu. Ancaq nədənsə öndə olan propaqanda tipli mövzulardı. Məsələn, AKP hökumətinin Türkiyənin xarici borclarının axırına çıxması ən məşhur arqumentdi. Ancaq bu məsələ gərəyincə müzakirə olunsa ortaya çıxacaq ki, İspaniya və İrlandiya hökumətləri defoltdan azca qabaq xarici borcların axırına çıxmaqla öyünürdülər. Türkiyə banklarının xarici borcları ÜDM-un 14 faizi qədərdi. Bu da Türkiydə son 20 ildə ən yüksək rəqəmdi.