1987-88 . “Gənclik” jurnalındakı bir məqaləmi çıxmaqla azərbaycandilli mediada bir kəlmə çap elətdirə bilmirəm. Yazılarım yalnız “Molodyoj Azerbaydjana” qəzetində çıxır.
1989. Daşnakların həyasızlığı şiddətlənməkdədi. Azərbaycandilli media susur. Problemləri işıqlandırmağa çalışan yeganə “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru işdən çıxarılıb.
Nəcəf Nəcəfov Tərcümə Mərkəzində Aydın Məmmədovun kabinetində iclas çağırır. Gələcəkdə Azadlıq qəzetində görmək istədiyi kollektivin 20-yə yaxın üzvünü bir-biri ilə tanış edir. Qəzetin nizamnaməsini və texniki xarakterli başqa bir sənədi müzakirəyə çıxarır. Orda həmin sənədlərə təkliflərimizi veririk. Məncə, Səfər Alışarlıdan başqa hamı yekun layihəyə səs verir.
1989, dekabr – 1990 yanvar. Qəzetin ilk 4 nömrəsinin çıxmasında iştirak edirəm. Daim redaksiyada oturan, deyəsən yalnız Bahar Türkel idi – makinaçı. Bir də ola bilsin, Elçin Məmmədov – yaxşı yadıma gəlmir. Kömək eləyən də nə qədər desən: Arif ƏIiyev, Vaqif Səmədoğlu, Ədalət Tahirzadə, Rauf Mirqədirov… Bir illik fasilədən sonra 1991-in yazından 93-ün yazına qədər yenə Azadlıqda çalışdım. Nədənsə o 4 nömrənin yeri mətbuat tarixində tam başqadı.
“Azadlığ”ın Ilk nömrəsinın çıxdığı şərait. Daşnakların həyasız çıxışları həm Yerevan mətbuatını, həm Moskva tribunlarını başına götürüb. Azərbaycanı təmsil eləyən deputatlar Moskvada qurultaya gedib susur. Yerli mətbuat susur. Amma xalq susmur. Yüz minlərlə adam tətil edir, nümayişlər, mitinqlər keçirir. Bir vaxtlar prosesləri işıqlandıran yeganə qəzet – “Molodyoj Azerbaydjana” indi danışan pişik – Məsi haqqında sensasiyalı materiallarla baş qatmaqdadı.
Və axır ki, gözlədiyimiz gün yaxınlaşır. Moskvanın nökərlərinin nəzarətindən qıraqda bir qəzet çıxacaq. İlk nömrə üçün bir neçə həftə beynimdə gəzdirdiyim karikaturanın sözlərini bişirirəm. Qardaşım Gündüz karikaturanın üstündə işləyir. Hər sözü on-on beş dəfə ölçüb-biçəndən sonra Nəcəf Nəcəfovun yanına gətirirəm. Nəcəf bəy fikrini söyləməyə macal tapmamış qəzetin işinə kömək üçün onun yanında olan filoloq alim bizə yaxınlaşır. Hə material gətiribsiniz. Gətir redaktə eləyək, bəs bizim işimizin adı nədi. Başı texniki problmlərin həllinə qarışan Nəcəf bəy tez razılaşır. Hə aparın baxın. Filoloq hələ oxumadığı cümləni düzəltmək üçün qələmini hazırlamaqda olsun, mən karikaturanın məzmununu danışım.
Şəkil:
Qoyun, balıq və tutuquşu skamyada əyləşiblər. Yaxalarında deputat nişanı. Qarşılarında pişik.
Dialoq:
– Pişik qardaş, səni nə əcəb deputat təyin eləməyiblər?
– Mənim nə Tutu xala kimi ötməyim var, nə Əbrəş qardaş kimi təmkinim, nə də – Sazan bacı kimi susmağım.
-Pikişlənməyin ki var.
-Düzdür var, amma bizim tayfadan Məsi adlı birisi danışmağa başladı. Bizimki o gedən getdi.
Cəmi 4 cümlə. Bu dörd cümlənin redaktəsi bəlkə 40 dəqiqə çəkdi. Gərgin diskussiyadan sonra cümlələri xilas eləyə bildim. Sözbəsöz. Əbrəş və Sazan sözlərinin xilası xeyli gərgin keçdi. Amma filoloqumuz “pişiklənmək” sözünə ilişdi və Azərbaycan dilində belə bir sözün olmamasında israr elədi. Nəcəf bəy də rus təhsilli olduğundan əminliklə bir qərara gələ bilmir. Bir tərəfdə 4-cü kurs tələbəsinin inadı, bir tərədə filoloq alim rəyi… Əlacım kəsilib yaxınlıqdakı adamları köməyə çağırıram.Heç kəs belə bir sözü xatırlaya bilmir. Uduzmaq üzrəyəm. Sanksiyaya keçirəm. “Bu pişiklənmək sözü olmasa karikaturanın mənası olmaz.” Karikaturanı götürüb getmək üzrəyəm. Arif Əliyev köməyimə çatır (O, ali təhsilini Moskva Dövlət Universitetində almışdı.) Mətnin normal olduğunu deyir. Karikatura ilk nömrəyə yol tapır. Növbəti karikatura sözsüzdü. Asılqandan pencək asılıb. Yaxalıqda deputat nişanı. Sağ qol göydə.
20 yanvarda çıxacaq nomrəni də, onun karikaturasını da heç kəs görmədi: Qorbaçov tar çalır, Vəzirov kamança, ermənilərin katalikosu ll Vazgen Qarabağ şikəstəsi oxuyur. Sovet qoşunları redaksiyanı dağıtdı. Qəzet bağlandı.
Və bir də 1991-dən 1993-ün yazına qədər Azadlıq qəzetində ardıcıl çalışdım. O vaxt qəzet formal olaraq AXC-nin orqanı olsa da redaktə isyasətində müstəqil idi.
Amma bütün bu müstəqilliyə baxmayaraq ilk nömrədən hiss elədim ki, rus təhsili olanlarda redaktənin uzaqbaşı bir böyük problemi – siyasiləş(dir)mə ola bilər (Bu sözlər Arif bəyə aid deyil, rusdilli mediadan məndə yaranan təəssüratdır). Amma Azərbaycan təhsili olanlarda redaktənin iki böyük problemi var. Dil və siyasiləşmə. Bu problemlər ötəri olmadı. Üstündən 20 il keçməsinə baxmayaraq azad dil və siyasiləşməmiş redaktə mərhələsinə çatmamışıq. (Siyasətdən yazmaq, siyasi karikatura çəkməklə siyasiləşdirmə anlayışını yəqin qarışdırmayacağıq).