Neçə ildi…
“Ay nə Elçinin yeriydi…” “Elçin burda olaydı…” Son 14 ildə dost-tanış bu sözü dəfələrlə məndən eşidib. Birisi rola girəndə, birisi səmimilik iddisında olub münasibətlərə siyasət qatanda, birisi gördüyünü görməməzliyə vuranda, birisi quyruq bulayanda və ya ağciyərlik eləyəndə deyirəm ay nə Elçinin yeriydi bunların dərsini verəydi. Düzdü, mən də aşkarlıq tərəfdarıyam, amma bu məsələdə Elçin qədər dərinə getmək ağlıma belə gəlməz və bu, içi mən qarışıq hər adamın işi deyil. Bu özəlliyinə görə olsa-olsa Okan Bayülgəni Elçinlə müqayisə eləmək olar. Və 1998-ci ildə Okan Bayülgənin verilişlərinə ilk dəfə baxdığım vaxtlardan indiyəcən beynimdə dolaşırdı ki, başım açılanda Elçin haqqında yazacam. Göstərəcəm ki, bizim cəmiyyətdə də papaq altında oğullar var.
***
Mərkəzi qərargahı Parisdə olan yepyekə bir təşkilat var. Sərhədsiz jurnalistlər. Nə qədər də üzvü. Amma az-çox bələd olduğum bu dünyada cəmi iki sərhədsiz jurnalist tanıyıram. Elçin Səlcuq və Okan Bayülgən.
Okan Bayülgənin Türkiyə cəmiyyəti üçün gördüyü işi Azərbaycan cəmiyyəti üçün yalnız Elçin Səlcuq görə bilərdi. Efirdə “ipləmə” kimi görsənən Okan dəli yığıncağına bənzəyən “Zaqa” verilişi ilə nə iş görürdü? İndi “Disko Kralı” verilişi ilə nə iş görür? (Okan Bayülgənin verilişləri efirə gecəyarısı getdiyi üçün Bakıda onun izlənmə ehtimalı çox azdı. Praqada 3 saat fərqi köməyimə gəlir və çalışıb bu verilişləri qaçırmıram.) Fikrimcə, Okan cəmiyyəti sağaltmaqla məşğuldu. Məşhurların qeyri-səmimi piar fəndlərini açıb gəstərə-göstərə, adamların başını qatmaq üçün və sadəcə para üçün veriliş hazırlayanları biabır edə-edə, cildə girənlərin sözünü ağzında qoya-qoya, müsahibləri ilə dalaşmaq həddinə çatıb dostlaşa-dostlaşa…
Elçini Okanla müqayisə eləməyim onu tanımayanlara, lap elə tanıyanlara da şişirtmə kimi görsənə bilər. Amma bu, həmkarımızı itirməyimizin ağrısını ovutmaq üçün yazılan yazı deyil. On ildən çox beynimdə gəzdirdiyim fikirdi. Bəlkə bizim TV-lər də sağlam olsaydı Elçin Kefli İsgəndərsayağı ömür sürməkdənsə cəmiyyəti sağaltmaqla məşğul olardı. Hərçənd o hansı kruqa düşsə onu sağaltmaqla məşğul idi və bu çoxlarına, bəzən də mənə şok terapiyası kimi görsənirdi. Tale beləymiş. O, cəmiyyəti sağaltmaqla yox, cəmiyyət onu öldürməklə məşğul oldu.
TV-lər monopoliyadan çıxmalıdı, görməmiş təbliğatın əsirinə çevrilməməlidi. Bu, sadəcə siyasi iddia kimi səslənə bilər. Amma bütün siyasi iddia daşıyıcıları bir bezin qırağıdı və onlarla işim yoxdu. Mən cəmiyyətə lazım olan bir şeydən danışıram. Cəmiyyətin öz həkimini öldürməməsi üçün lazım olandan.
Buna gücümüz çatarmı?
Türkiyə TV-lərinə baxıb kompleksə düşməyək. Ordakı istənilən verilişin daha yaxşısını hazırlamağa potensialımız var. Təkcə Okan Bayülgəni görəndə Elçin yadıma düşmür. Əmrə Konqarın „yorumlarını“ dinləyirəm. Əvvəlcə dərinliyinə heyran oluram. Sonra isə ağlıma gəlir: “Bu, Rəhman Bədəlovun adi söhbətləridi ki!“ Haluk Şahin danışır. Sevincimdən bilmirəm neyləyim: Doktor Haluk “gazetecilik”dən bir alim elmdən danışan kimi danışır. Nə olsun ki, mən professor deyiləm və jurnalistikadan TV8-də yox, dostlar arasında danışıram. Axı neçə illərdi ki, jurnalistikanın bir elm olduğunu və hər situasiya üçün riyaziyyat qədər dəqiq həll yolları göstərdiyini deyirəm. Mənə gülsələr də.
***
Elçini son dəfə görməyim
İki il yarım qabaq mənim üçün tam yeni bir işə başlayıram. İnternet layihəsi. Bakıda soraqlaşıb yaxşı bir mütəxəssis tapdım. Vahid. Hər ikimizin vaxtımız az, danışacağımız məsələlər – çox. Geriyə təyyarə bileti. Görüşüb oturmağa yer axtardığımız vaxtda, təsadüfən bir qəmiş peyda olur. Elə bir qəmiş ki, görüşən kimi sağollaşmam mümkün deyil. “Mən sizə mane olmayacam, sadəcə çoxdan görüşmürük bir nahar eləyək, siz də söhbətinizi eləyərsiniz.” Amma bu qəmişin yanında danışılası layihə də deyil. Vahid isə çox təmiz adam olduğundan eyhamla danışanda anlamır. Vahid bilmir ki, mən nə istəyirəm, mən də deyə bilmirəm. Hər ikimiz dilxor. Nahardan sonra qəmiş çəkildi. Arada bir saatımızı itirdik. Cəmi yarım saatımız var. Filarmoniya bağına enirik. Söhbətə təzəcə başlayırıq ki, təsadüfən Elçin Səlcuq gəlib çıxır. 10 il görmədiyim və ən çox görmək istədiyim jurnalist. Layihəni də unuduram, mütəxəssisi də. Elçindən əl çəkmirəm, onunla danışmaq istəyirəm. Bu dəfə mən qəmiş olmuşam. Axırda Elçin mənə irad tutur ki, axı səni gözləyən var. Mat qalıram. Elçin nə qədər dəyişib. Axı o heç bir sərhəd, reqlament, formallıq gözləyən deyildi.
Və qayıdıram iş üçün çağırdığım Vahidin yanına. Qalan vaxtımızın hamısını Elçinin od parçası kimi bir reportyor olmasından danışıram. Xəbər üçün özünü güllə yağışının altına verən Elçin Səlcuq, Elmira Əmrahqızı, Tapdıq Fərhadoğlu, Ağası Hun, Gülbəniz Arifqızından danışıram. Məndən 10-12 yaş kiçik olan Vahiddə 80-90-cı illərdə jurnalistlərin hansı şəraitdə və ən başlıcası, hansı prinsipiallıqla çalışmaları haqqında təsəvvür yaratmağın necə çətin olduğunu hiss eləyirəm. Onda ağlıma gəldi ki, döyüş müxbirləri və döyüşkən müxbirlər haqqında gələcəyə çatdırılası xeyli bilgi var. Bu bilgini mən çatdırmayım kim çatırsın? Başım açılanda bir yaxşı qələmə alacam bunları.
Və başım açılar-açılmaz xəbər çıxdı ki, Elçin artıq bu dünyada yoxdu.
***
Elçini ilk dəfə görməyim
Universitetdə bir neçə tanınmış professorun iştirakı ilə hansısa bir toplantı. Tələbələr dinləyir, professorlar danışır. Nə tədbir olduğu yadımda deyil. Hər halda dərs deyildi, ictimai müzakirə idi. Və o boyda auditoriyada cəmi bir tələbənin dinləməyə hövsələsi çatmır. “Partiya və hökumətimizin daimi qayğısı”ndan danışan professorlara sözlə hücuma keçməyi bəs eləmirmiş kimi hələ danışa-danışa əlini uzadıb qabağa da gedir.
Bir il sonra həmin tələbə ilə bir yerdə işləyirəm. Elçin Quliyev olduğunu da orda öyrənirəm. Nəcəf Nəcəfov Azadlıq qəzetinin informasiya şöbəsinin işini qurmağı mənə tapşıranda çoxlarının mənə yazığı gəlirdi. O dövrdə siyasi şərh yazmaq prestij, xəbər isə qara iş sayılırdı. Köhnə reportyorluq məktəbi bəlli, yenisi yox. Elçinin, Elmiranın, Ağasının, Tapdığın bu şöbədə olduğunu görən nəzəriyyəçilərin mənə yazığı gəlirdi. Biri cəbhəçi filoloq, birinin siyasi baxışları qabarıq görsənir , birinin təhsili və praktikası uyğun gəlmir. Bu nəzəriyyəçi fikirləri. Amma praktika nə göstərdi? Tovuzda hərbi hissədə partlayış baş verir. Elmira xanım işə gəlmək əvəzinə özünü Nasosnı stansiyasına yetirir. Vertolyotla Tovuza çatır və yanğınlar, partlayışlar səngiməmiş hadisə yerindən reportaj verir. Adamlar xəbəri ən birinci TV-dən, radiodan yox, Azadlıq qəzetindən eşidirlər.
Azərbaycan müstəqilliyini təsdiqləməlidi. Milli valyuta çap olunur. Yığışıb götür-qoy edirik. Necə eləyək ki, manatın şəklini rəsmi qəzetlərdən tez verək. Konkret kiməsə tapşırıq vermək onu bitməz işə göndərib adını yarıtmaz qoymağa bənzəyərdi. Ona görə tapşırıq əvəzinə mükafat elan edirik: Kim milli pulun şəklini gətirsə bu ay ikiqat maaş alacaq. Elçin bir günün içində özünü oda-közə vurub redaksiyaya milli valyuta ilə qayıdır. Təsəvvür eləyin, hələlik yalnız Milli Bank rəhbəri, prezident, baş nazir və onun müavinlərindən başqa heç kəsin görmədiyi milli valyutanın şəkli bir günün içində müxalifət qəzeti – Azadlıqda çıxır. Elçin ikiqat sevinir. Yeni doğulmuş oğlu Səlcuqun “Malış” pulunu ikiqat çıxarır.
İndi bütün dünyanı Xocalı dəhşətlərinin şəkilləri dolaşmaqdadı. Bu şəkillər hardandı? Ağası Hun 3 gün işə çıxmadı. Mobil telefon da yoxdu ki, harda olduğunu soruşasan. Və qəfil əlində Xocalıda çəkdiyi bir yığın şəkillə işə gəlir. Deyir ki, adamları çıxarmağa başı qarışdığından xeyli dəhşətli mənzərəni çəkə bilməyib. O vaxt AZ TV Xocalıda baş verənləri danırdı.
Ağdərə təzə döyüşdən çıxıb. Bankın rayon şöbəsi dağılıb. Hələ güllə səsləri kəsilməyib. Tapdıq Fərhadoğlunun ətrafında adamlar küçələrə dağılan pulları toplayır. Tapdıq isə ətrafında uçuşan pullara baxmayıb reportaj yazır…
Bir sözlə, nəzəriyyədən fərqli olaraq praktika onu göstərdi ki, həmin adamlar, üstəgəl sonradan komandaya qoşulan Nailə Bağırova, İlham Şaban reportyorluq məktəbinə çevrildilər. Amma bu komandada Elçinin hamıdan fərqli bir funksiyası da vardı.
Hər şeyi aşkarlamaq. Dostluğu poza biləcək örtülü bazarlara imkan verməmək. Və nə olaydı bu aşkarlıq məsələsində ona daha geniş imkan veriləydi. Okan Bayülgən kimi aşkarlıq dərsini TV-də keçəydi.
Elçin TV-də görsənib. Deyəsən, bir dəfə. Ticarət Nazirliyinin şöbə müdiri TV-yə çıxıb palma yağını tərifləyir. Elçin sual verir: “Sən evdə palma yağı yeyirsən?” “Bəli” cavabı alanda özünü saxlaya bilməyib “Axı yalan deyisən!” qışqırır. Səhərisi gün redaktor Nəcəf Nəcəfov Elçini bu “ədəbsizliyə” görə danlayır. İşdə müdir işçini danlayanda nə olur deyə soruşmursunuz. Çünki adi adamlar səhv eləmişəm, səhvimi başa düşdüm, bir də eləmərəm kimi sözlər deyirlər. (Axı o adi adam deyildi.) Elçin Qayıtdı ki: “A Nəcəf, düz deyirəm da bə. Ticarət naziri palma yağı yeyəndi? Palma yağını heç … (bir həmkarımızın adını çəkir) yemir”
Redaksiyadakı gərginlik qəhqəhələrlə əvəz olundu.
Ne geder semimi bir yazidi!
Yaz Rövsen, yazan barmaglarin var olsun, adam su kimi icir yazdiglarini, bir de ele esl jurnalistlerin, temennasiz,cesaretli, hardasa Honorari günlük cöreye yetenlerin, amma özünü oda köze vuranlarin adini anmag, hagginda yazmag, xatirlamag bizim menevi borcumuzdur. Oxuyuram, yüngüllesirem, kövrelirem…
ela!!! Rovshen, sen dogrudan en yaxshi yazarsan
Heyif ishinle meshgul deyilsen