- 1-ci misal:
“Qızlarımızin geyimini necə gormək istərdiniz?” …nənələrimizin, babalarımızın örnəkləri… AzTV-yə nisbətdə fərqli mövzu axtarması ilə bir xeyli başbilənin saqqızını oğurlayan İTV-nin mövzusu bu idi. Bir-iki yubka gödək, açıq göbək, büllur buxaq, ayna qabaq… nəsə köhnə Azərbaycan Mollası Pənah məni lap yoldan çıxardı (o da babamız olub).
Təzədən başlayım. Hə, İTV Bakı küçələrindən bir-iki “ədəbsiz geyim nümunəsi” göstərdi, milli geyimlərin gərəkliyi barədə bir-iki folklorşünas alim fikri, bir-iki ağsaqqal öyüdü, səsləndirdi. Bir sözlə, geyimdə milliliyin əhəmiyyəti, rolu, sükanı və sairlə dolu zırıltı bir süjet. Sonda da milliliyimizi qorumaq, nənələrimizin, babalarımızın yolunu tutmaq… barədə aparıcının ənənəvi çağrışları. Bircə geyim senzurası söhbəti qaldı ki, inşallah “zəhmətkeşlərin xahişi ilə” o da olacaq.
Kəsəsi, mövzu qıtlığına görə AzTV-jə, “milliliyə yaraşmayan” əməllərə görə isə kommersiya TV-lərinə yerli və yersiz, tutarlı və tutarsız söyüşlər yağdırılır. İTV bundan ustalıqla sovuşmaqdadır. Hər halda bu TV-nin işçilərinin müsbət bildikləri yöndə çalışmaları gösənir.
- 2-ci misal:
Azadlıq aşiqi Nemətin şeirlərini elə onun öz dilindən İTV efirindən eşitdim. Çox fərqli bir şey! (İnsafən, başqa şairlərə baxanda Neməti istedadlı saymaq olar. Təbii ki, indi şair deyəndə teletamaşaçının gözunun qabağına Əli Kərim yox, Süleyman Rüstəm ənənlərini milli yəni “öz sarayımız” yönündə gəlişdirən və heca bölgüsünün də öhdəsindən bacarıqla gələn Zəlimxan Yaqub gətirilir. )
Qayıdaq Azadlıq aşiqinin ITV-dəki söhbətinə. Çox rəvan danışırdı. Orta əsrlər fəlsəfəsindən, tarixdə liderlərin rolundan, Şah İsmayıldan danışdı. Arada da bir-iki rəvayət. Rəvayətlərdən birində Allahın insanı palçıqdan yaratdığı, ona öz ruhunu verdiyi, şeytanı bundan məhrum elədiyi söylənir. Nemət bəyin uşaqlıq xatirlələri də şirin imiş. Sən demə, o, sovet təhsil sistemini bəyənmədiyi üçün 8-ci sinifdəncə məktəbdən üz döndərinb, öz-özünə savadlanıb. Bir sözlə, yəqin bundan sonra başbilənlər onu ən gənc dissident sayacaqlar.
Nemət bəyin dedikləri ilə işim yoxdur. Bunlar hamısı bir insanın haqqıdır. Nəyə istəyir inansın, həyatı necə qanır-qansın, nə qədər istəyir deyinsin, necə istəyir geyinsin. (Təbii ki, Nemət bəy kostyumda idi. Milli kostyum deyildi, amma eybi yox, ədəbli geymişdi.) Sözüm onda deyil. Bəs nədədir, İTV-nin bir yeniliyini də ötəri xatırladım sonra deyim.
- 3-cü misal:
Bir veriliş boyu isə aparıcı və “İlahiyyat elmləri namizədi”ni dinləyirik. Bu deyir – o təsdiqləyir, o deyir – bu təsdiqləyir… Onların fikri ilə də işim yoxdur. İmana doğru gedir, gümana, yoxsa dumana – özü bilər…
Bəs mənim nəylə işim var?
Kiminsə fikrindən yox, çağdaş xəbər mediası prinsiplərindən danışırıqsa bu yerdə TV yönəticilərinin işi zordur – bunu istəyən İstanbul, istəyən də Bakı ləhcəsində başa düşsün. Kimi TV-yə niyə çağırıblar, risq ediblər, yoxsa buyruq yerinə yetiriblər – bu geridən görsənməyə də bilər. Amma çağdaş media bilicisinə lap geridən görsənən və gizlədilə bilməyən bir yığın “xoruz” buraxılıb.
Oxucuları öyrətmək iddiasında deyiləm. Mən biləni onlar da bilirlər. Ola bilsin, adamlar arasında çağdaş xəbər mediası prinsiplərini qəbul eləməyən 5-10 faiz də var (bir qismi siyasətdə özunə mövqe tutub, bir qismi media yönətmənidir). Həmin o 5-10 faiz üçün deyim ki, çağdaş media veriliş aparıcısının məsələni o üz-bu üzünə çevirməməsinə, çağrışlar eləməsinə bir cür baxır. Eləcə də mikrofonu verilişin qonağına verib çınqırını çıxarmayan TV-yə də bir cür baxır. (Xüsusən də adlı-nüfuzlu-vəzifəli həmsöhbətə verəndə.)
Birinci misala baxaq. Çağdaş xəbər mediası biliciləri tənqid olunanı (“ədəbsiz geyənləri”) dinləməyi vacib sayırlar. Hələ fərqli baxış öncüllərini (bir tərəfdən modelyer, stilist, vizajist; o biri tərəfdən konservativləri demirəm. Sual edə bilərsiniz ki, bəs Səudiyyə, Türkiyə və İran şitilliklərindən çıxan Yeni Azərbaycan Milli Mollası – YAMMY? Yox, qardaş, çağdaş mediada təriqətə, irqə , sinfə görə ayrı-seçkilik salanları (ifratçı təriqətçiləri, rasistləri, kommunistləri) başa çıxarmazlar. Kim deyirsə ki, Avropa mediası xristian mediasıdır – qələt eləyir.
Axırıncı misala baxaq. Çağdaş TV-də aparıcının nəyə inandığı görsənməlidirmi? Gedək ikinci misala. Elm sayılmayan Elmi Kommunizmlə yanaşı sovet məktəbləri dünya elminin qəbul elədiyi Darvinizmi də öyrədirdi. Ağlı başında olan TV palçıqdan adam yaratmaq nağılını efirə verəndə Darvinizm boyda elmi təlimi (lap qoy olsun alternativ fikri) ya bir bilicinin, o da olmayanda aparıcının dilindən yada salmalıdır. Ən azından. Bu, peşə borcudur.
Eynilə “şəxsiyyətlər”in rolu haqqında nağıllar efirə gedəndə bir alternativ fikir də olmalıdır. Olsun Şah Məhəmməd, yaxud Sultan Mamed və ya cümhur başkanı Axmedi-Gijbəxtiyar… Axı “şəxsiyyətlər” barədə orta əsr təfəkkürünə dayanan verilişlərə İtaliya və Almaniyada ötən əsrin 40-cı illərinindən, İspaniyada 70-ci illərindən, Şərqi Avropada 90-cı illərindən bəri rast gəlinmir. ABŞ-da yerli-dibli belə şeylər olmayıb. İnşallah, İran və Türkmənistanda da cəmi bir-iki əsrdən sonra olmayacaq. Yəni bu heç fikir də sayılmır ki, bir onu müzakirəyə çıxarasan. Şah nə vaxtdan milli olub, nə vaxtdan millət hərləyib, orta əsr orta əsrdir, təbəələriylə, yaxşı padşahlarıyla, hərəmxanalarıyla…
Beləcə TV-dən alternativi qovanda və maraqlı mövzu axtaranda istəsən də, istəməsən də, dahi kimi də görsənsən, şair kimi də görsənsən, mömin kimi də görsənsən, milli kimi də görsənsən, uzun da geysən, gödək də geysən, göbək də atsan – azıb gedib orta əsrlərə çıxacaqsan. (Hərçənd keçmişi də yaxşı axtaranda alternativ fikir tapmaq olar: “Göyçəliyə məlum olsun, yıxıb İranı mollalar, millətə göz açmağa vermir amanı mollalar” – Aşıq Ələsgər.)
Bu yazdıqlarımın çoxu alternativ fikir deyil. Elmə bərabər tutulan çağdaş xəbər mediası prinsiplərinin misallar əsasında xatırlanmasıdır. Və dəqiqdir.
Əgər məndən sadəcə alternativ fikir istəyirsinizsə buyurun: “Arxitektorlarımız milli mağara proyektləri versinlər, ən qatı millilərimiz gedib Qobustanda yaşasınlar, xanəndələrimiz qucaqlarında qaval daş gəzdirsinlər, çevrəsindəkiləri otarmaq iddiasına düşənlər milli YAPınçı və milli çarıqlar geysinlər, polislərimiz alternativ mitinqləri avropalıların rubber buttonları və ya rusların dubinkası ilə yox, öz milli çomaq, milli qamçı və milli sapandlarımızla dağıtsınlar və ümummilli…”
Alternativ fikir isə acı bağırsaq kimi uzana bilər. Day sizi yormayım.
5 iyul, 2009
Rövşən bəy, əllərinizə saglıq. Yazınızı bu saytdan da oxumaq olar. Bəyəndim, təkrardan yayımlayım düşündüm…
http://yovsan.com/?p=1790
Rövsen coxdandi mene bele lezzet eliyen megale oxumamishdim. Agir problemlerden, bele yumorla?
Su kimi icilir, yazin, ele yüngül oxunur ki.. az gala birnefese. Cox sag ol!