Zəncir qırılsa yaxşıdır, amma mən o zəncirdən danışmıram. Bağ deyək. Qarabağ düyünü açıldı, ancaq bu bağ da kəsildi.
Müasir siyasi idarəetmənin ən böyük dramı nə iqtisadi böhranlardır, nə də sərhədlərdəki hərbi gərginliklər. Əsas böhran qərar qəbul edən elita, bu qərarların xeyrini görən və ya acısını çəkən cəmiyyət və bu ikisi arasında informasiya süzgəci rolunu oynamalı olan media arasındakı bağların tamamilə qırılmasıdır. Bu qırılma təkcə Azərbacana aid deyil. Trend belədir. 20-ci əsrin ikinci yarısından məşhurlaşan və əsrin sonlarında qlobal qələbə çalan “ictimai iştirakçılıq” modeli son vaxtlar Qərbdə sarsılıb, Azərbaycan kimi ölkələrdə isə institusional iflicə yol açıb.
Donald Trampın hakimiyyətə gəlişi dünyanın təhlükəsizlik sistemini sıradan çıxarıdığı kimi, bu iştirakçılığa da ağır zərbə vurdu.
Çağdaş medianın ömrü az oldu. Cəmi yarım əsr. Bu yola bir nəzər salaq.
Bu böhranın köklərini anlamaq üçün ötən əsrin ən böyük intellektual debatına – Uolter Lippman və Con Düi arasındakı mübahisəyə baxmaq lazımdır. 20-ci əsrin birinci yarısında Lippmanın (“Public Opinion”, 1922) “elitist” resepti aparıcı idi. O hesab edirdi ki, müasir dünya sıravi vətəndaşın qavrayacağı qədər sadə deyil və media sadəcə elitanın qərarlarını kütləyə izah etməli, bir növ “razılıq istehsalı” (manufacturing consent) ilə məşğul olmalıdır. 1920-ci illərin sonlarında başqa bir fələsfə nəhəngi Con Düi onunla debata girdi. Bu, birbaşa debat yox, əsərlərin toqquşması idi. Lipmanın baxışına qarşı “The Public and Its Problems” kitabını meydana çıxaran Düi inanırdı ki, media cəmiyyəti sadəcə məlumatlandırmamalı, onu müzakirələrə cəlb edərək qərar qəbulu prosesinin aktiv iştirakçısına çevirməlidir. 1960-cı illərdən Qərbdə medianın “dördüncü hakimiyyət” statusunu qazanması və 2000-ci illərə qədər onu saxlaması Düi modelinin qələbəsi idi. (Bu debatların məzmunu haqda 4 il qabaq geniş danışmışdım (Çağdaş Media söhbətləri – 9. İnformasiya azadlığına gətirən yol.)
Ancaq 2001-ci il 11 sentyabr terroru və ABŞ-ın buna verdiyi, çox hallarda emosional və strateji cəhətdən səhv reaksiyalar demokratik proseslərə ağır zərbə vurdu. “Vətənpərvərlik Aktı” (Patriot Act) və İraqın işğalı prosesində media, Düi modelindən qaçaraq yenidən Lippmanın “təbliğat maşını” funksiyasına qayıtdı. Bu, müstəqil jurnalistikanın dövlət maraqlarına qurban verilməsinin presedenti oldu. Burda şahidi olduğum bir epizodu deyim. İraq müharibəsi başlayan ərəfədə ABŞ hökuməti mediaya o vaxtacan görünməmiş bir model təklif etdi: orduya jurnalistləri qoşmaq. “Embedded journalists” adlanan bu dəstəyə qoşulmaq könüllü idi. O vaxt Azadlıq/Azad Avropa Radiosunun mərkəzi xəbər şöbəsində işləyən bir jurnalist də könüllü ora qoşulmuşdu. (Yekəxana olduğuna görə, ondan heç xoşum gəlməzdi.)
Təhlükəsizlik qayğıları azadlıqları üstələdikcə, media yenidən Lippman modelinə, hətta Eduard Bernayzın “təbliğat maşını”na qayıtdı. Bu gün isə onlayn media alqoritmlərinin manipulyasiyası cəmiyyəti real müzakirədən uzaqlaşdırıb, insanları öz “əks-səda otaqlarına” həbs edib. (Bu mövzunu Eli Pariser “Filter Bubble” kitabında ətraflı işləyib.) Bu qlobal tendensiya Azərbaycan kimi avtoritar ölkələrdə daha təhlükəli hal alıb. Medianın və ictimai fikrin qərar qəbulu prosesindəki rolunu tamamilə əhəmiyyətsizləşdirib.
Azərbaycanda müstəqil intellektualların və analitik mərkəzlərin onilliklər boyu sistemli şəkildə sıradan çıxarılması, həm jurnalist icmasını, həm təhlilçiləri əcaib qəliblərə doğru itələdi. 1990-cı illərdən yeni kök atmağa başlayan müstəqil media hər baxımdan budandı. Jurnalistlər, təhlilçilər pərən-pərən salındı. Orqanik inkişafa imkan verilmədi. Bir qism sovetsayağı təbliğat aparatına cəlb edildi, bir qism bu sahədən uzaqlaşdı, başqa bir qism isə xarici donorların köməyi ilə müstəqil media ideyasını yaşatmağa çalışdı. Ermənistanın onilliklər boyu formalaşmış güclü diaspor şəbəkəsi, beynəlxalq qurumlar və səfirliklərlə işləmək təcrübəsi qarşısında Azərbaycan jurnalistləri, təhlilçiləri və aktivistləri hazırlıqsız idilər. Sanki minalı sahəyə girirdilər. Minalı sahə təcrübə toplamaq üçün deyil, təcrübəni tətbiq etmək üçün olan yerdir. Ölkənin intellektual resursu isə bu təcrübəni qazanacaq meydandan məhrum edildi. İstər donorlar, istər dünya solunun cəlbedici ideyaları bu qismi nəinki gücləndidi, əksinə marginallaşdırdı. Bəzilərini minalı sahələrdə məhv etdi.
Nəticədə, dövlətin ən kritik məqamlarda ehtiyac duyduğu “analitik süzgəc” və “ictimai konsensus” institutu yoxa çıxdı.
Bu institusional qırılma İranla yaşanan son gərginliklər və Azərbaycanı hədəf seçən dronlar fonuda daha qabarıq görünür. Belə bir taleyüklü məsələdə hakimiyyətin cəmiyyətlə məsləhətləşməsi və ya real mənzərəni analiz etməsi üçün heç bir institut qalmayıb. Bu dron hücumlarını müstəqil araşdıracaq bir media qalmayıb. Düzgün qərar vermək və cəmiyyət üçün taleyüklü qərarın qəbulunda iştirak üçün artıq heç bir institusional əsas yoxdur.
Bu boşluğu isə iki qütbdəki qeyri-peşəkar və ya sifarişli rəylər doldurur: Müxalifət rolunu götürən bir Youtube kanalında aparıcı hərbi məsələ barədə məntiqlə ekspert rəyinə gəlməyə çalışır. Məntiq budur ki, əgər İran filan-filan ölkələri vurduğunu danmırsa, açıq deyirsə, niyə Azərbacanı vurduğunu dansın. Bəzi hallarda İranın regional maraqlarını müdafiə edən və ya Azərbaycanın müdafiə qabiliyyətini şübhə altına alan “təhlil”lər cəmiyyəti dezorientasiya edir. O biri tərəfdən isə, yerli rəsmi və yarı-rəsmi şərhçilərin heç bir risk analizi aparmadan, birmənalı olaraq İrana qarşı aqressiv ritorika göstərməsi dövlətin manevr imkanlarını məhdudlaşdırır və cəmiyyətdə rasional hazırlıq deyil, emosional küy yaradır.
Müstəqil media və onunla sıx əməkdaşlıq edən analitiklər institutu elita üçün “erkən xəbərdarlıq sistemi”dir. Onlar yoxdursa, elita da, cəmiyyət də doğru məlumatlandırıla bilməz. Əmrə müntəzir adamlardan ibarət bürokrtlar komandası bu rolu oynaya bilməz. Bu isə qəbul edilən qərarların keyfiyyətinə birbaşa təsir edir; hakimiyyət yalnız öz istədiyi həqiqəti eşitməyə başlayır ki, bu da strateji xətaların başlanğıcıdır.
Ekspert icmasında minimum konsensusun olmaması dövlətin, cəmiyyətin immun sistemini zəiflədir. Azərbaycanın təhlükəsizliyi yalnız dronlarla deyil, həm də cəmiyyətin iştirakını təmin edən, səhvlərdən çəkindirən müstəqil intellektual bazanın bərpası ilə qoruna bilər. Əks halda, minalı sahədə atılan hər addım strateji bir fəlakətə aparar.
