Azadlıq Radiosunda hər gün səhər redaksiya rəhbərlərinin toplantısı olurdu. Direktor olmayanda onun əvəzinə işçilərdən biri gedirdi. Bir neçə dəfə həmin toplantıda olmuşam. Bir dəfə direktorlardan biri işə yeni götürdüyü bir jurnalisti təqdim elədi. ИТАР-ТАСС-da 22 il iş təcrübəsi olduğunu xüsusi vurğuladı. Elə bildim, qəhqəhə qopacaq, ən azından, adamlar istehzalarını gizlətməyə çalışacaqlar. Ancaq mənzərə fərqliydi. Ona heyranlıqla baxanlar, “wau” deyənlər – itətök.
O vaxt dalağım sancdı ki, deyəsən, səhv yerdəyəm.
Minimal media savadlılığı olan yerdə ИТАР-ТАСС işçisi hörmət sahibi ola bilməz.
İşin sonrakı gedişi də göstərdi ki, şübhələrim əsassız deyilmiş. Əli Həsənova giriş yolu tapdığına görə, orta təhsilli birini şişirdib göylərə qaldırdılar. Əvvəl Azərbaycan xidmətinə redaksiya rəhbəri, sonra rusdilli məkan üçün yaratdıqları Настоящее Время TV-sinə rəhbər qoydular. (Ada bax, elə bil “fırt” eləyib sovetlərin Время proqramının burnundan düşüb.)
Nə isə, o yerdə ki ИТАР-ТАСС-da iş təcrübəsinin heyranları var, orda peşəkar jurnalist mühiti ola bilməz.