Tez-tez rast gəlirəm. Onillərdir jurnalistikada çalışanlar, media qurumlarına, xəbər saytlarına rəhbərlik eləyənlər yazırlar ki, dünyada informasiya müharibəsi gedir, Ukrayna jurnalistləri informasiya müharibəsini Rusiyadan daha peşəkar aparır, nə bilim, ölkə maraqları baxımından informasiya müharibəsi vacibdir və sair.
Belələri jurnalistin bilərəkdən yalan məlumat verməsini ayıb saymır. Təsəvvür eləyin, qoca hüquqçular gənclərə öyrədirlər ki, dünyada hüquq deyilən bir şey yoxdur, quldurluq, soyğunçuluq eləyin, ancaq çalışın buna yaxşı don geydirə biləsiniz.
Bərəkallah bu nəsil jurnalistlərinə. Elə bil bu peşəni sivil dünya praktikasından, qanunlardan, bəşəri dəyrlərdən, universitetlərin gəldiyi nəticələrdən öyrənməyiblər, bir-birinin ağzına tüpürə-tüprə öyrəniblər. Tüpürcək zəncirinin Lenindən Amaşovacan uzun bir yolu var.
Bu tüpürcəyi Azərbaycanda media və sosial şəbəkə vasitəsilə tirajlayanlar üçün qısaca deyim.
Ukraynada senzura yoxdur. Ukraynada feyk xəbər yaymağı məqbul sayan, “informasiya müharibəsi” termininə inanan jurnalistə rast gəlməmişəm. (Belə bir hərbçi və ya siyasətçi ola bilər, o başqa məsələ – informasiya müharibəsi hərbi termindir, əməliyyat planını ört-basdır eləmək məqsədilə yanlış görüntü yaratmağa deyilir. Məsələnin informasiya texnologiyalrına aid tərəfi də var, bu da jurnalist işinə aid deyil.)
Feyk xəbərləri Rusiya mediası və putinizm trolları yayır. Çünki avtoritarizmin, diktaturanın, sivil normalara qarşı cəbhə açanların jurnalistikadan anladığı budur. Rusiyada doğru xəbər yaymağa görə adama 15 il iş verə bilərlər. Bu cür fərqli tərəfləri, senzuranın mövcud olduğu ölkə ilə senzura olmayan ölkəni eyni cür dəyərləndirmək obyektivlik deyil. Yalançılıqdır, vicdansızlıqdır.