Təlimçi və espert kimi tanındılan Pərvin Əsədov bu gün, sentyabrın 11-də Report agentliyi ilə yayımlanmış müsahibəsində vətəndaşların internetə çıxışının məhdudlaşdırılmasının vacibliyindən danışır. Görünür, təsadüfi deyil. Əvvəllər də Milli Məclisin deputatları bənzər fikirlər səsləndiriblər. Pərvin Əsədovdan qabaq eynən həmin cümləni bir neçə il qabaq deputat Siyavuş Novruzovdan eşitmişik. Vətəndaşların internetə girişinə nəzarətin vacibliyini çox vaxt “pis təsirlərə düşməyin” qarşısını almaqla əsaslandırırlar. Mətbuat Şurasının sədri Aflatun Amashov 2018-ci ildə bənzər təşəbbüslə çıxış eləmişdi: “Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır”. (Oxu.az, 17 iyul.) Bundan qabaq o demişdi ki, “ayrı-ayrı şəxslərin təsirinə düşməməsi üçün internet mediaya dövlət dəstəyi şərtdir”. Dəstək də deyərkən, vətəndaşın internetdən istifadəsini məhdudlaşdırmaq nəzərdə tutulur. Xarici radio dalğalarını qarışdıran SSRİ-dən, sputnik antennalarına qarşı reydlər keçirən İrandan tanışdır bu nəzarət məsələsi.
Bu, internetin fəlsəfəsinə tamam zidd təklifdir. İnternet fərdlərin də öz media məkanını yaratmasına yönələn texnologiyadır. İnternet mediasını dövlətin nəzarətinə almaq kommunist və başqa totalitar rejimlərə xas düşüncədən irəli gəlir. Bu, Venesuelanın özünə kriptovalyuta yaratmasına bənzəyir. Kriptovalyutanın fəlsəfəsi pul inhisarını dövlətlərin, mərkəzi bankların əlindən alıb özü-özünü sınayan, təsdiqləyən, tənzimləyən şəbəkəyə verməkdir. Bir dövlət içində, dövlət nəzarəti altında virtual pul yaradanda bu fəlsəfə gedir öz işinə. Kriptovalyuta olmur. Olur nağsız hesablaşma. Nağsız hesablaşma isə internet olmayanda da var idi. İnternet mediasını dövlət nəzarətinə alıb “zəhmətkeşlərin kollektiv müraciətləri” şəklinə salmaq da internet fəlsəfəsinin sonudur. Bu da internetdən qabaqkı dövrdə, kolxoz zamanlarında rayon qəzetləri formasında var idi.