Bu il dünya mediasını belə bir şəkil dolandı. Buna baxan hər kəs Omumunu tanıyır. (Orijinalda: Oumuamua. Havaylıların dilində keçmişdən gələn çapar deməkdir.)
Omumu Günəş sistemində ilk dəfə qeydə alınmış yad cismdir, yəni başqa sistemlərdən gəlib. Qeydə alındığı sürət göstərir ki, bizə çatmaq üçün milyon illər yol getməliydi.
Bu yad cism bu ilin oktyabrında, Günəşə ən yaxın nöqtəni keçəndən bir ay sonra qeydə alndı. Onun formasını media bizə bu cür çatdırdı. Ancaq bu şəkli kim çəkib, hardan bilirlər ki, Omumu bu cürdür? Hardan bilirlər ki, qaya formasındadır? O elə bir məsəfadəydi ki, birbaşa şəklini çəkmək mümkün deyildi. Alınan datalar hesabına forması haqda məlumat toplamaq olardı.
Ancaq bu illüstrasiyanı kim çəkdi, dünyanın beyninə kim saldı ki, həmin cism bu formadadır? Hansı media orqanı yaratdı, hansı kopyaladı?
Bu məsələdə bütün dünya mediası özünü bizim beşmanatlıq saytlar kimi apardı. Hamı bir birindən kopyaladı, yaydı.
Alimlər ənənəvi təsəvvürlərə, modellərə uyğun araşdırmalar aparıdlar ki, görsünlər bu cism kometdirmi? Öz-özünə (günəş istisindən) sürətlənir – deməli kometdir. Ancaq bu kometdirsə quyruğu hanı? Hə, quyruğu yoxdursa ənənəvi təsəvvürə görə asteroiddir. Yaxşı aseroitdirsə onu Günəşə yaxınlaşanda sürətləndirən nədir? (Qravitasiya hesabına normal sürətlənmə həddini çox-çox keçmişdi.)
Harvard Universitetinin alimi, nəzəri fizik Avi Loeb bir tələbəsi ilə yazdığı məqalədə həmin cismin süni bir şey ola biləcəyi ehtimalını irəli sürdü. Məsəl üçün, işıq yelkəni, yaxud hansısa bir süni strukturun qalığı. Yəni yadplanetlilərin əl işi.
Bu alimi başqa alimlər topa tutdular. Bilirsinizmi niyə? Ənənəvi təsəvvürlərdən qırağa çıxmışdı. Elmdə hansı gözlənilməz kəşf ənənəvi baxış əsasında edilib ki?
Bəlkə də yola saldığımız ildən başqa sivilizasiyanın izi keçib. Ancaq bunu bürokratlaşmış dünya alimləri görə bilməyib. Yaxud, bəlkə onun forması tamam başqa cür olub. Bizim media kimi kopyaçı olmuş dünya mediası dərinə gedə bilməyb, bir oğurluq illüstrasiya ilə yola verib?