Qarabağ və pripiska
(3-cü yazı)
Dağlıq Qarabağ münaqişəsi qızışandan illər öncə iki qonşunun, iç-içə yaşamış xalqın fərqli həyat tərzinə aid şahidi olduğum epizodlardan yazdım. İndi də oxuduqlarımdan və gördüklərimdən çıxan nəticələri ümumiləşdirim. Azərbaycan sosializm yarışı deyilən uydurma iqtisadi fenomenin önündə olmaq üçün bütün resurslarını səfərbər eləmişdi. Bu səfəbərlik gerçək problemləri həll eləmirdi, yenilərini yaradırdı.
Ermənistanda başqa yöndə səfərbərlik gedirdi. Sovetlərin vinti bir az boşalmışdı, millətçilik üçün kiçik meydançalar açmaq artıq çox da təhlükəi deyildi. Millətçiliyin əsas meydançası “tarix araşdırmaları” idi.
Özülüyüdə tarix araşdırmaları normal bir şeydir. Hər bir xalq tarixini bilmək istəyir. Xüsusən də Ermənilərin əsas vətəni olan Osmanlı imperiyası ərazisində böyük qırğına uğramaları tarix və ərazi məsələlərini onların həssas yerinə çevirmişdi.
Sovetlərin nəzarəti zəifləyən kimi, Ermənistanda tarixin öyrənilməsi açıq-aşkar millətçi xətt götürməyə başladı. Daha doğrusu, Daşnaksütyun partiyasının Qafqaza gətirdiyi pis ənənə yenidən altdan-altdan baş qaldırdı. Eməni tarixçiləri hansısa yaşayış məntəqələrinin sırf öz xalqlarına aid olmasına aid seçmə faktlara və məqsədli interpretasiyalara əsaslanan əsərlər yazırdılar. Qafqazdakı yaşayış məntəqələrinin “исконная армянская земля” olması haqda fikirləri ora-bura dürtüşdürüdülər. Bu, artıq tarixin öyrənilməsi deyildi, siyasət idi. Tarixin öyrənilməsi deyil, etnik təmizləmələrə deoloji baza yaratmağa hazırlıq idi. Bu isə nasizmin bir növüdür.
Ümumiyyətə, erməni tarixçilərinin çoxu siyasətlə məşğul olub. Başqa sözlə, erməni xalqı erməni tarixçilərindən və siyasətçilərindən ibarət deyil. Ancaq onların tarixçilərinin və siyasətçilərinin çox hissəsi millətçiliyə yoluxub, erməni xalqı da çox vaxt bu aparıcı trendin əsirinə çevrilib. Bu cür tarixçilər və siyasətçilər həm erməni, həm Azərbaycan xalqının başına çox bəlalar gətirdilər.
Azərbaycan 1988-ci ildə hazırlıqsız yaxalandı. Spontan reaksiya verdi, ora-bura çırpındı, tələsik ermənilərə baxıb tarixi siyasiləşdirməyə başladı, ancaq artıq gec idi.
Düz mövqe millətçi erməni tarixçilərini, daha doğrusu, siyasətçilərini bacardıqca erməni xalqından ayırmaq olmalı idi. İstər Ermənistanda, istər Azərbaycanda ermənilərlə iş aparılmadı, məsəl üçün, Dağlıq Qarabada hakimiyyəti ələ almış millətçi qrupa qarşı rəqibləri gücləndirmək münaqişənin ilk dövründə tamamilə mümkün idi. Azərbaycan rəhbərləri bunu eləmədlər. Çünki müstəqil deyildilər. Çünki seçilməmişdilər, təyin olunmuşdular. Çünki xalqın təmsilçiləri deyildilər. Moskva gücünü göstərəndə onun dediyini eləyirdilər, xalq gücünü göstərəndə onun dediyini. Yəni sistemli bir idarəçilik, plan, prinsip yox idi. Fürsətdən istifadə eləyib keçmiş mövqeyini bərpa eləmək istəyən klan da öz yerində. Elçibəy də hakimiyyətə gələndən sonra ermənilərə müraciət eləyib bildirməliydi ki, hədəfimiz erməni xalqı deyil, separatçılardır. Münqaişə bölgəsində mülki əhalinin qorunması məsələsi qabardılmalı idi.
Qayıdaq “tarix araşdırmaları”na. Ümumiyyətlə, SSRİ-də, Ermənistanda, Azərbaycanda, İranda heç vaxt təhsil, elm liberallaşmadığı üçün bu ərazinin mütəxəssislərinin tarixi obyektiv araşdırmaları mümkün deyil. Nə bu sahədə güclü elm ənənələri olub, nə gərəkli texnologiya olub (“carbon dating”, “DNA mapping”.) Tarix sırf ideologiyaya, siyasətə tabe edilib.
Tarixi obyektiv araşdırmaq üçün tərəflərin hamısı qəbul eləməlidir ki, bu regionun xalqlarının heç birinin ayrıca siyasi tarixi, ayrıca kralı, ayrıca sərhəddi, ayrıca saldığı şəhər olmayıb. Bu xalqların SSRi-dəki kimi, Rusiya imperiyasındakı kimi, Səfəvilər dövlətindəki kimi, Osmanlıdakı kimi tarixləri şəriklidir.
Bu xalqlar sərhədləri fərqli olan, sülalələri fərqli olan, quruluşları, ideologiyaları fərqli olan bir sıra imperiyaların tərkibində olublar.
Midiya dövləti,
Əhəməni imperiyası
Makedoniya krallğı
Selevkilər dövləti
Parfiya (Arşakilər)
Roma imperiyası
Sasanilər imperiyası
Xilafət
Osmanlı imperiyası
Xarəzmşahlar dövləti
Böyük Səlcuq imperiyası
Elxanilər dövləti
Teymurilər imperiyası
Ağqoyunlular dövləti
Qaraqoyunlular dövləti
Səfəvilər dövləti
Əfşar dövləti
Feodal dağınıqlığı, xanlıqlar
Rusiya İmperiyası
Bu sadalananlardan başqa indiki İranın şərqində Qəznəvilər dövləti, Səfərilər dövləti, Tahirilər dövləti, Samanilər dövləti, və sair olub.
Bu imperiyaların tarixi onların əhatə eldiyi xalqların da tarixidir. Ayrıca bir xalqın yox.
Aralıq dövrlərdə qısa müddətlərdə bizə və qonşu xalqlara aid edilə biləcək kiçik dövlətfason şeylər olub – bunu çox da şişirtmək gülüncdür.
(Wikipedia-da bu imperyaların bəzilərinin yanına ustalıqla İran-miran da yazırlar, hətta Britannica-da da yazıblar – bu qələtdir.)
Bu imperiyaların daxilində, ola bilsin ki, harasa Azərbaycan, harasa Gürcüstan, harasa İran, harasa Ermənistan deyiblər.
Ola bilsin, lap böyük epitetini də yapışdırıblar. Necə ki, indi ruslar ölkənin şimal-şərqində yaşayanların hamısına çukça deyir, o vaxt da Romada imperiyanın Qərbinə Ermənistan deyə bilərdilər.
Ancaq bu heç bir dövlətə qarşı ərazi iddiaları qaldırmağa, etnik təmizləmə aparmağa haqq vermir.
Məhz ayrı-ayrılıqda tarix yazıb, keçmiş dövlətləri indiki İranın, Ermənistanın, Azərbaycanın, Gürcüstanın adına bağlamaq səhv yoldur. Tarixi obyektiv yazmaq üçün ya bu ölkələrin alimləri ümumi prisiplər barədə konsensusa gəlməlidirlər, ya da obyektiv tarix yazdıqlarına iddia eləməməlidirlər. Siyasətçi olduqları bəlli. Sadəcə bunun etirafı qalır.
Belə bir konsensus olmadan tarix yazmaq iddiasının sonu bəlli: münaqişə və etnik təmizləmələr. Avropa Birliyində bunu anlayıblar. Tarix dərsliklərini yazmaq üçün tərəflərin qəbul elədiyi ümumi prinsiplər hazılanıb.
Hansı torpaq hansı dövlətə məxsusdur sualına isə cavab verilib: beynəlxalq sərhədlər var.