Söz və Mətbuat Azadlığı istənilən demokratiyanın və ya formalaşmaqda olan demokratiyanın əsas elementləridir. Azad, müstəqil mətbuat demokratik ölkədə ən mühüm institutlardandır.
Sosial institut kimi Mətbuat cəmiyyət haqqında məlumat, müzakirələr, analitik və tənqidi şərhlər yaymaqla mühüm vəzifələri yerinə yetirir. Buna görə də, müxtəlif fikirlərin ifadə edilməsinə imkan yaratmaq üçün mətbuat xüsusilə məsuliyyət daşıyır.
Mətbuat Söz və KİV Azadlığını qoruyur və o, dəqiq faktiki məlumatın sərbəst axınının, mənbələrə sərbəst çıxışın və hər hansı mühüm məsələ ilə bağlı açıq müzakirələrin qarşısını almaq istəyən istənilən kəsin və ya hər hansı qurumun təzyiqinə boyun əyməməlidir.
Mətbuatın borcudur ki, cəmiyyətdə baş verənlər haqqında ictimaiyyətə açıqlanmalı olan məlumatları dərc etsin və ictimai müzakirəyə, təhlilə, araşdırmaya və ya tənqidə layiq məsələləri üzə çıxarıb açıqlasın ki, bu da KİV-in xalq qarşısında məsuliyyətli olması ilə bağlı universal qaydalara uyğundur.
Mətbuatın vəzifəsi fərdləri dövlət orqanlarının və qurumlarının, yaxud ictimai maraqların məruz qoyduğu ədalətsizliklərdən və ya etinasızlıqdan qorumaqdır.