Türkiyədəki iqtisadi böhranı Azərbaycan mediasının necə işqlandırmasına göz gəzdirdim. Redaktorların çoxu stereotiplərin, siyasi təəssübkeşliyin təsiri altındadır. (Məsələn: “Əvvəl Türkiyəni terrorla vururdular, indi isə…”) Yalnız Report agentliyi stereotiplərə çox da uymayıb. Dərinə gedə bilməsə də. Səbəb aydındır. Ölkədə iqtisadi jurnalistika peşəkar relsə keçməyib, amma azca iqtisadi yöndə ixtisaslaşan media məsələnin mahiyyətini anlamağa başlayır.
İqtisadiyyatın necə işlədiyini, pul-kredit sisteminin nə cür, hansı şərtlərlə dövr elədiyini bilənlər üçün ortada heç bir sui-qəsd, sirr, pərdəarxası yoxdur. Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan təkid eləyir ki, tarif dərəcələrini aşağı saxlamaqla inflyasiyanın qarşısını almaq olar. (Bu, yerin yastı olduğunu, təkamül nəzəriyyəsinin yalan olduğunu demək kimi bir şeydir.) Neçə ki, Mərkəzi Bank müstəqil idi, məhkəmələr müstəqil idi, bir nəfərin səhv fikri iqtisadiyyatı dağıda bilməzdi. Bunlar aradan qalxdı, yol açıldı. Türkiyə iqtisadiyyatı xarici kreditlər hesabına böyüyür. Şərait olmayanda xaricilər bu pulu başqa ölkəyə qoyub qazanacaqlar. Ərdoğan hökuməti kreditləri heç bir əlavə dəyər gətirməyən, ölkənin ixracat potensialını artırmayan meqa tikinti proyektlərinə yönəltdi. Məsələn, ən əzəmətli məscid iqtisadiyyata nə dəyər gətirəcək ki?
Nyu-York Fond Birjasında keçən tək Türk şirkəti Türkcell İletişimin qrafikini, yaxud elə lirənin yanvardan bəri hərəkətini izləsək, iqtisadi böhranın aylarla əvvəldən bilindiyini görərik.Bu trendin siyasi şouya, daha doğrusu, komediyaya çevrilməsini The Washington Post qəzetinin şərhçisi Mətt O’brien gözəl ifadə eləyir:”İqtisadi baxımdan savadsız bir lider öz iqtisadiyyatını şikəst eləyib buna görə başqalarını günahlandırır, başqa bir iqtisadi savadı olmayan lider (Tramp nəzərdə tutulur – R.) qərara gəlir ki, onun özünə vurduğu zərbənin hayfını çıxmaq üçün iqtisadiyyatını şikəst eləsin, beləliklə birincinin dediyi qismən düz çıxır.”