Qarşıya çıxan ciddi, faciəli problemlərin müzakirələri həmişə gülməli şəkil alıb. Ölkənin ən vəzifəli, ən nüfuzlu, ən qəhrəman akademiki qaçqın problemi təzə-təzə çıxanda onun qarşısını almaq yollarını göstərmək əvəzinə, qaçqınlar üçün “yeraz” ayaması icad elədi. Ölkə müstəqilləşib ayağa durmaq istəyəndə qiyam qaldırmış mafioz kütbeyinə birinci mənəvi kömək el ağsaqqalı statuslu akademikdən gəldi: “o da bu xalqın qeyrətli oğludur”. Hökumətin büdcəni necə xərcləməsinə ictimai nəzarəti yerinə yetirməli olan mediaya həmin büdcə hesabına çox bahalı hədiyyə verilməsi məsələsi çıxanda elmlər doktoru məmur çıxıb dedi ki, bəy verən atın dişinə baxmazlar.
Media rəhbərləri “filankəs külüng çalıb”, “filnkəs can qoyub” tipli arqumentlərin birini bir qəpik ediblər. Məsələni şəxsiləşdirən kim, bədiiləşdirən kim…
Qanuna istinad, prinsipləri, öz imzaladıqları prinsipləri misal çəkmək, sivil dünyanın təcrübəsindən örnək axtarmaq, prsedent tapmaq bizdəki ictimai-siyasi müazkirələrə yaddır.
Elm adamları bunu eləmirlər. Media eləmir. Kim edəcək?
Gənclər, işinizi bildiniz də. Nə məktəbiniz var, nə – müəlliminiz. Özünüz öyrənin, heç kəsə də baxmayın.