Yadınızdadırsa, ötən il aprelin 1-də döyüşlərin başlaması xəbəri gələndə nə qədər jurnalist informasiya müharibəsinə qoşulduğunu sübut eləmək üçün dəridən-qabıqdan çıxırdı. Biri deyirdi ki, filan məlumatı gizlədin, o biri deyirdi, filan məsələdən danışmayın. Özlüklərində dövlətçilik edirdilər, özlüklərində ölkənin müdafiəsinə qalxmışdılar.
Döyüşlər niyə başladı? Səbəb nə idi? Məqsəd nə idi? Hadisənin ilk saatlarından erməni rəsmiləri ardıcıl bəyanatlar, məlumatlar verirdilər. Təbii, dünya mediası da, əsasən həmin versiyanı işıqlandırır, balans üçün güc-bəla ilə Bakıdakı 3-cü, 4-cü dərəcəli mənbələrdən bir söz alıb əlavə edə bilirdi, ya bilmirdi. Yəni informasiya müharibəsi deyilən bir şey varsa bunu ermənilər udmuşdu və rəsmilərin əlüstü bəyanatları hesabına udmuşdu.
Azərbaycanın versiyası nə idi? Bir il üç aydan çoxdur bu barədə açıqlama verilməyib. Axır ki, müdafiə naziri Zakir Həsənov Rusiya mediasına müsahibəsində Azərbaycanın mövqeyini açıb:
” – Elədir, ən böyük qarşıdurma 2016-cı ilin aprelində baş verdi. Onun da səbəbi mülki əhalinin atəşə tutulması oldu. O zaman, aprelin 1-də Ermənistan tərəfinin Tərtər rayonuna endirdiyi artilleriya zərbəsi nəticəsində bütün bir ailə avtomobilin içində həlak olmuşdu. Təbii ki, mənə bu barədə məruzə etdilər. Bu, təxminən saat on — on bir radələrində baş vermişdir. Və bu atəş nöqtələri yüksəklikdə yerləşdiyindən, bütün kəndi və ətraf əraziləri hədəfə ala bildiyi üçün düşmənin atəş nöqtələrinin yaşayış məntəqələrindən uzaqlaşdırılaraq geri atılması üçün tədbir görülməsinə göstəriş verdim.” (Sputnik. az)
Bu versiya həqiqətdirsə, Azərbaycan tərəfin haqlı olması barədə tutarlı dəlil sayıla bilər. Ancaq niyə həmin gün yox, 1 il 3 aydan sonra bəyan olunur? Cəmiyyəti, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq niyə ölkə rəsmilərinin vecinə deyil? Bunsuz nə informasiya müharibəsi, nə dövlətçilik?
Burdan bir çox nəticələr çıxır.
İnformasiya müharibəsi deyilən şey medianın sahəsi deyil. İnformasiya müharibəsini ənənəvi olaraq ordular, hökumətlər aparıblar, ola bilsin, tarixdə jurnalistikanın bu işə cəlbi faktları çox olub. İndi belə müharibə əvvəlki əsrlərə nisbətən effektsizdir. Napoleon kimi mətbəə daşıyıb rəqib arasında çaşdırıcı qəzetlər yaymq artıq mümkün deyil. Çünki konfliktlər haqda məlumatlar almaq üçün alternativlər çoxalıb. Üstəlik, media orqanları bu işə girişməklə sadəcə öz etibarlılıqlarına kölgə salırlar.
Indiki dövrdə informasiya müharibəsi o vaxt effektiv ola bilər ki, bir tərəf tamam susa, o biri tərəf öz versiyasını yayıb qələbə çala. Ötən ilin aprelində Azərbaycan tərəf məhz susan tərəf oldu. Yəni bir qrup jurnalistin özünü informasiya müharibəsinin əsgəri sayması kəndirbazın kəndirinin altında kosanın yerə ip sərib üstünə çıxmasına bənzəyirdi.