Yaxşı pul olsa mağara adamını belə bərbərə, bazar-dükana aparıb qısa bir vaxtda gözəgəlimli eləmək olar. Hətta brend paltarlar geydirib model görkəminə salmaq olar. Ancaq mağara adamı da gərək o dəqiqə modernləşdiyini düşünməsin. İstənilən hərəkətindən özünü tanıdacaq. Dəyişmək, irəliləyiş, modernləşmə – bunlar təkcə puldan asılı məsələlər deyil.
Belə şeylər reformasız olmur. Mən reformanı yuxarıdan gözləyənlərdən deyiləm. Əgər yuxarının işi yağ kimi gedirsə, istədiyi kimi idarə eləyirsə, niyə reforma haqda düşünməlidir ki? Kimin işi getmir – o düşünsün. Məsələn, jurnalistikada reforma lazımdır. Çünki jurnalistlərin işi getmir. Xəzərdəki fəlakət jurnalistləri neftçilərdən daha bərk vurdu. TV-lər heç nəyə yaramadılar. Trend, Sputnik, Report kimi kostyumu, qalstuku, saç düzümü yerində, adı müstəqil, özü rəzil agentliklər heç nəyə yaramadılar.
İdarəedənlər bir cızıq çəkiblər. Bu cızığın içində özünü xoşbəxt sayanların hamısını bərbərə, dükan-bazara aparıblar. Onlara əzbərlədiblər ki, siz dövlətçiliyin keşikçilərisiniz. Dünyada informasiya müharibəsi gedir. Siz də cəngavərlərsiniz. Onlar da Jolaman kimi instruksiyalardan qırağa çıxmırlar. Mətbuat Şurasını nəzarətçi qoyublar. Ancaq indi elə bir zamandı ki, nə yaddaşlı qul bir işə yarayır, nə yaddaşsız. Kimdi o əzbərlərə, əzbərlənənlərə baxan? Bu əzbərlərin nəyə təsiri var? Indiki dünyada propaqanda bir qəpiyə dəymir, niyə milyonlar tökürsünüz?
Azərbaycanda adı media olan bu həngamə, bu sərmayə, bu əzab-əziyyət heç nəyə yaramır. Nə dövlətin işinə, nə vətəndaşın, nə – jurnalistlərin. Dövlətin yerinə mən düşünsəm, deyərəm ki, buraxın getsinlər. Azad bazar, rəqabət mühiti verərdim, kim başını saxlaya bilir -saxlasın. Saxlaya bilməyən getsin “dövlətçiliyə xidmətini” polisdə, sərhəd qoşunlarında çəksin.
Xidmətçi jurnalistlər iki dəfə hamını aldadıblar. Bir dəfə müxalifət liderləri elə bildilər ki, onlar evdə oturacaqlar, jurnalistlər hökumətin zibillərini açıb xalqı qızışdıracaq və bunlar hakimiyyətə gələcəklər. İkinci dəfə hakimiyyət elə bildi ki, bütün gücü pokazuxa proyektlərinə yönəldəcək, xidmətçi jurnalistlər də onların işini dünyanın gözünə soxacaqlar. Heç biri alınmadı. Arada toplum dəqiq məlumatlardan ayrı düşdü, sürətlə irəliləyən dünyadan geri qaldı.
İki böyük aldanışdan sonra gərək siyasətçilər medinın yaxasından əl çəkələr. Dediyimiz kimi, yuxarıların işi getdiyi üçün onlara reforma lazım deyil. Qalır işi getməyənlər. Jurnalistlər. Bu çəkilmiş cızığın içində, jolomanların yanında nə işiniz var? İmkanınız varsa, başqa bir dolanışıq yolu tapın, bir az da imkanınız varsa, kiçik proyektlərə girişin. Qoy ən kiçik olsun. Qoy bloq olsun. Qoy FB olsun. Gələcəyin mediasını siz yaradacaqsınız.