Azərbaycanın media kapitanları şikayətlənirlər ki, niyə Euronews Avropa oyunlarının açılışı günü bu tədbirdən reportaj vermədi. Təkcə şikayətlənmirlər, nəticə də çıxarırlar: buyurun, bu da Avropa mediası, bu da sizə obyektivlik, bu da avropalıların bizim möhtəşəm tədbirə paxıllıq eləməsinin sübutu. Bu cür təhlil ölkədə xora çevrdiyindən, kütləvi manipulyasiyalara yol açdığından aydınlıq gətirməyə ehtiyac var.
Birincisi, Euronews Avropanın media məkanındakı rəsmi təmsilçisi-zad deyil. Son illər isə ümumiyyətlə ilkin proyektdən əsər-əlamət qalmayıb. Bu gün idarə heyətində avropalılarla yanaşı ruslar, türklər, mərakeşlilər, misirlilər əyləşiblər. Euronews SA səhmlərinin çoxu misirli bir iş adamına məxsusdur. Bu məlumatları hər kəs internetdən axtarıb tapa bilər deyə detallara getmirəm. İnternetdə tapa bilməyəcəyiniz şeyləri yazım.
Peşəkar redaktor xəbər və ya reportaj yayımı zamanı seçim edərkən bunun hansı siyasi qrupa sərfəli, hansına sərfəsiz olduğuna fikir vermir. (Azərbaycan üçün qərblilərin yaratdıqları surroqat mediada bu qayda bəzən hakimiyyətin xeyrinə, bəzən müxalifətin xeyrinə pozulur, ancaq günah Qərb mediasında yox, burda da tam əhliləşə bilməyən və ya əhliləşməyi sərfəli bilməyən azərbaycanlı kadrlardadır).
Tipik avropalı redaktor üçün kriteriyalar siz deyən deyil. Xəbəri seçərkən, reportajı hazırlatdırarkən redaktor əsasən iki şeyi nəzərə alır: hədəf auditoriyasının maraqılanması (bu dolayısı ilə öz marağıdır – reklam gəliri bundan asılıdır) və işıqlandırılan hadisənin bu günə və sabaha təsir dərəcəsini. Misal üçün, dünyanın ana axın mediası iqtisadi xəbərləri verərkən niyə Mixalkovun Rusiya hökumətindən pul alıb restoranlar şəbəkəsi yaratmasını geniş işıqlandırmır, ancaq Teslanın batareya zavodu tikməsindən geniş söhbət açır? Rus propaqandisti üçün, onun ağzına baxan azərbaycanlı üçün bu, Qərbin qərəzidir, gözgötürməzliyidir, Putinin uğurlarına paxıllığıdır. Ancaq iqtisadiyyat xəbərləri redaktoru üçün Mixalkovun hökumət puluna biznes qurmasının nə dünya iqtisadiyyatına dəxli var, nə fast-food zəncirlərinin aksiyalarının qiymətinə təsiri var. Rusiya sadəcə dünyaya inteqrasiya olmayıb və onu anlamaq istəmir. Ona görə, Rusiyada startaplar alınmır və ona görə Qərb mediasının redaktoru bu xəbəri bir yana tullayır.
Teslaya gəlincə, yüz ildir ki, sənaye və biznes mühiti “daxiliyanma mühərriki, yoxsa elektrik mühərriki perspektivlidir” sualı üstündə baş sındırırdı. Əsas problem batareyalardır. Teslanın qurduğu zavod batareyaların maya dəyərini ikiqat endirir, bunun ardınca dünya sənayesində, dünyanın biznes mühitində zəncirvari reaksiya başlayacağı gözlənir. Şirkətlərin aksiyalarına təsir edəcək hadisələri işgüzar mühit gecə-gündüz izləyir. Özü də streslə. Teslanın bu yeniliyi haqda məlumatı verməyən xəbər mediası özünü ölmüş bilsin.
Ancaq sən Ermənistana necə acıq verdin, Rusiya Amerikaya necə xox gəldi, hansı möhtəşəm fışfışa şouları göstərdin – peşəkar xəbər mediasının bu vecinə deyil. Dünya üçün belə ölkələrdə uzaqbaşı neft hasilatına, qiymətinə təsir edə biləcək hadisələrin dəyəri var. Səudiyyənin Yəməni bombalaması, İranın sanksiyalardan çıxmaq çabaları, Meksikada qəza – belə xəbərləri verə bilməyən media dünya bazarında özünü ölmüş bilsin. Çünki, bütün işgüzar dünya belə xəbərləri güdür. Azərbaycan isə dünya neft bazarında elə bir oyunçu deyil. Hətta oyunçu saysaq belə, Avropa Oyunlarının heç bir baxımdan dünyanın işgüzar mühiti üçün önəmi yoxdur. Bu hadisənin Azərbaycandan başqa bir ölkənin iqtisadiyyatına, biznesinə heç bir təsiri yoxdur.
Bununla belə, dünya ölkələrinin xeylisinin cəlb olunduğu tədbirlə bağlı bir kiçik reportaj hazırlamaq lazım idi. Euronews bu reportajı bir gün gecikdirməklə hazırladı. Gecikdirilməsinə irad tutmaq olar, ancaq reportaj jurnalistika standartlarına ümumən cavab verir. Qayıdaq öz media qayıqlarımıza. Bu qayıqların kapitanları hər fürsətdə sübut eləməyə çalışırlar ki, Qərb mediası qərəzlidir, Qərb mediası da “vahid mərkəzdən” idarə olunur, o da siyasətin alətidir-filan. Mən bunu şərh eləməkdə acizəm. Ola bilsin, psixologiyada bu hal üçün bir termin var: birisi daim öz tutduğu səhv əməlin ətrafda analoqunu axtarır. Mən getdim. Topu psixoloqlara ötürdüm. Bu sindromun adı nədir?